AZ

Paramount WBD-ni almaq təklifini yenidən irəli sürdü

Paramount WBD-ni almaq təklifini yenidən irəli sürdü

Media və əyləncə şirkəti Paramount Warner Bros. Discovery-ni (WBD) səhm başına 30 dollar nağd vəsait qarşılığında satın alma təklifini yenidən irəli sürüb.

Paramount-un açıqlaması WBD İdarə Heyətinin səhmdarlara Paramount-un təklifini rədd etməyi tövsiyə etməsindən sonra yayılıb.

Açıqlamada bildirilib ki, Paramount WBD səhmdarlarına səhm başına 30 dollar nağd təklif təqdim etmək öhdəliyini davam etdirir.

Proses boyunca Paramount-un WBD tərəfindən irəli sürülən bütün narahatlıqları diqqətlə və konstruktiv şəkildə nəzərdən keçirdiyi qeyd edilən açıqlamada, buna baxmayaraq, şirkətin Paramount-un təklifində daha əvvəl müzakirə edib həll etdiyi məsələləri yenidən gündəmə gətirməyə davam etdiyi vurğulanıb.

Açıqlamada Paramount-un təklifinin WBD-nin Netflix ilə əldə etdiyi razılaşma ilə müqayisədə daha üstün olduğu qeyd edilib.

Xatırladaq ki, Paramount 8 dekabr 2025-ci ildə WBD-nin bütün səhmlərini səhm başına 30 dollar nağd vəsait qarşılığında, ümumilikdə 108,4 milyard dollarlıq müəssisə dəyərinə uyğun gələn təkliflə satın almaq istədiyini açıqlamışdı.

Paramount-un bu təklifi Netflix-in Warner Bros. Discovery ilə razılığa gəldiyini elan etməsindən sonra irəli sürülmüşdü.

Netflix 5 dekabr 2025-ci ildə Warner Bros.-u film və televiziya studiyaları ilə yanaşı HBO Max və HBO-nu da əhatə edən şəkildə, 72 milyard dollarlıq kapital dəyəri və 82,7 milyard dollarlıq ümumi müəssisə dəyəri əsasında satın almaq üçün Warner Bros. Discovery ilə razılığa gəldiyini bildirmişdi.

WBD İdarə Heyəti 17 dekabr 2025-ci ildə şirkətin səhmdarlarına Paramount-un satınalma təklifinin rədd edilməsini və Netflix ilə əldə olunan razılaşmanın dəstəklənməsini tövsiyə etmişdi.

Bunun ardınca Paramount 22 dekabr 2025-ci ildə təklifini yenidən nəzərdən keçirmişdi. Şirkət WBD-nin bütün səhmlərini səhm başına 30 dollar nağd vəsait qarşılığında almaq təklifini qoruyub saxlayarkən, milyarder iş adamı Larri Ellison təklifin 40,4 milyard dollarlıq kapital maliyyələşdirilməsi üçün şəxsi zəmanət vermişdi.

WBD İdarə Heyəti isə dünən şirkətin səhmdarlarına Paramount-un yenidən işlənmiş satınalma təklifinin də rədd edilməsi tövsiyəsi ilə müraciət edib.

Seçilən
41
afn.az

1Mənbələr