Vaşinqton etirazçılara qarşı zorakılığa yol verməyəcəyi ilə bağlı mesajını Tehrana çatdırıb...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp The Hugh Hewitt Show adlı məşhur radio proqramına müsahibəsində İranda baş verən etirazlarla bağlı sərt açıqlama verib. O bildirib ki, əgər İran hakimiyyəti etiraz aksiyaları zamanı nümayişçiləri öldürməyə başlasa, ABŞ-nin cavabı “çox ağır zərbə” olacaq.
Trampın sözlərinə görə, Vaşinqton İranda etirazların gedişini çox diqqətlə izləyir. Proqram aparıcısının iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə bağlı qeydinə cavab verən ABŞ prezidenti qeyd edib ki, bəzi ölümlər kütlənin düzgün idarə olunmaması, eləcə də izdiham nəticəsində baş vermiş ola bilər.
“Rejimin İranda süqut edib-etməyəcəyini demək istəmirəm, amma onu deyə bilərəm ki, onların vəziyyəti çox pisdir, olduqca pis. Mən onlara açıq şəkildə bildirmişəm ki, əgər etirazlar zamanı insanları öldürməyə başlasalar, biz onlara qarşı çox ağır zərbə endirəcəyik. Biz bu prosesi çox diqqətlə izləyirik, onlar bunu bilirlər və onlara çox qəti şəkildə deyilib ki, əgər etirazçıları öldürsələr, bunun əvəzini sözün əsl mənasında cəhənnəmdə ödəməli olacaqlar”, – deyə Donald Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin bildirib ki, hazırkı mərhələdə İranın son şahının oğlu Rza Pəhləvi ilə görüş keçirməyi məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, mövcud siyasi vəziyyət belə bir görüş üçün uyğun deyil.
Qeyd edək ki, son günlər İranda sosial və siyasi narazılıqlar fonunda etiraz aksiyaları geniş vüsət alıb. Beynəlxalq ictimaiyyət Tehran hakimiyyətini etirazçılara qarşı güc tətbiqindən çəkinməyə, insan haqlarına və əsas azadlıqlara hörmət etməyə çağırır.
Poliqon.info