İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən səsləndirilən son iddialar yenə də mollabaşların nə dərəcədə gülünc olduqlarını bir daha gözlər önünə sərib.
NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda İranda baş verən daxili qarışıqlıqlarda guya “sionist qüvvələrin və onların Azərbaycandakı əlaltılarının” rol oynadığı irəli sürülür.
Rəsmi Bakı bu iddiaları tamamilə əsassız, sübutsuz və təxribat xarakterli hesab edir. Heç bir fakt və ya müstəqil sübut təqdim edilmədən bir dövlətin və bütöv bir xalqın hədəfə alınması beynəlxalq hüquq normalarına və dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir.
Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmır və regionda sabitliyin, mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır. Rəsmi Bakı öz suverenliyini, milli təhlükəsizliyini və vətəndaşlarının hüquq və azadlıqlarını qorumaqda qətiyyətlidir.
Beynəlxalq ictimaiyyət dəfələrlə belə əsassız ittihamların regionda vəziyyəti daha da gərginləşdirdiyini vurğulayıb. Analitiklər hesab edirlər ki, məsuliyyətsiz bəyanatlar informasiya müharibəsinin bir elementi olmaqla yanaşı, diplomatik münasibətlərə də ciddi zərər vurur.
Azərbaycan tərəfi ictimaiyyəti dezinformasiyalara uymamağa, yalnız rəsmi və etibarlı mənbələrə istinad etməyə çağırır. Rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan dialoq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalmaqda davam edir.