“Fənərbağça”da transfer gündəmi hərəkətli olaraq qalır.
Offsideplus.az xəbər verir ki, Matteo Genduzi transferindən sonra bir müddətdir heyətdən kənarda qalan İrfan Can Kahvecinin yeni klubu bəlli olub.
Sarı-lacivərtlilərdən yayılan rəsmi açıqlamada 30 yaşlı yarımmüdafiəçinin mövsümün qalan hissəsində “Kasımpaşa” formasını geyinəcəyi bildirilib. Klub futbolçuya zədəsiz və uğurlu bir mövsüm arzulayıb.
Texniki heyətin qərarı ilə bir müddətdir əsas komandadan ayrı məşq edən İrfan Can bu mövsüm cəmi 3 oyunda start heyətdə yer almış və gözləntiləri tam doğrulda bilməmişdi. Ara transfer dövründə futbolçunun daha çox oyun praktikası qazanması üçün bu keçidə razılıq verildiyi qeyd olunur.
2021-ci ilin yanvarında “Başakşehir”dən böyük ümidlərlə transfer olunan İrfan Can Kahveci “Fənərbağça” forması ilə 183 oyunda 32 qol vurub. Karyerasında Superliqa çempionluğu və Türkiyə millisində çıxış təcrübəsi olan yarımmüdafiəçi hazırda liqada qalmaq mübarizəsi aparan və ilk yarını 14-cü pillədə başa vuran “Kasımpaşa”ya töhfə verməyə çalışacaq.