ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları alyans daxilində narahatlığı artırıb...
Poliqon xəbər verir ki, NATO ölkələri ABŞ ilə Danimarka arasında mümkün qarşıdurma riski fonunda Arktika regionunda hərbi mövcudluğu gücləndirməyi planlaşdırır. Politico nəşrinin üç diplomata istinadla yaydığı məlumata görə, alyans üzvləri Vaşinqtonun Qrenlandiya ilə bağlı artan iddialarını ciddi təhlükəsizlik çağırışı kimi qiymətləndirirlər.
Məlumata əsasən, yanvarın 8-də Brüsseldə keçirilən qapalı iclasda NATO səfirləri təşkilatın Arktik cinahının möhkəmləndirilməsinin vacibliyi barədə razılığa gəliblər. Görüşdə regionda təhlükəsizlik balansının dəyişə biləcəyi və bunun alyans üçün strateji nəticələr doğuracağı vurğulanıb.
NATO üzvü olan ölkələrin nümayəndələri Arktikada kəşfiyyat imkanlarının genişləndirilməsini, ərazinin daha effektiv monitorinqi üçün texniki vasitələrin artırılmasını, müdafiə xərclərinin yüksəldilməsini, eləcə də regiona əlavə hərbi texnika göndərilməsini təklif ediblər. Bundan başqa, Arktika zonasında birgə hərbi təlimlərin keçirilməsi də gündəmə gətirilib.
Politico yazır ki, bu təşəbbüslər Avropada ABŞ-nin Qrenlandiya ilə bağlı niyyətlərinə dair artan narahatlığın göstəricisidir. Son günlər Ağ Ev ada üzərində iddialarını daha açıq şəkildə dilə gətirib və Qrenlandiyanın hərbi yolla ələ keçirilməsi ehtimalını istisna etməyib.
Məqalədə qeyd olunur ki, Avropa ölkələri ABŞ prezidenti Donald Trampın sərt ritorikasını yumşaltmağa və mümkün hərbi müdaxilənin qarşısını almağa çalışır. Danimarka hakimiyyətinin fikrincə, ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsi NATO üçün faktiki olaraq son demək olardı. Bu səbəbdən Avropa paytaxtları Vaşinqtonla kompromisi əsas və üstün variant kimi dəyərləndirir.
Xatırladaq ki, bundan əvvəl Danimarkanın Müdafiə Nazirliyi sərt bəyanatla çıxış edərək, ABŞ qüvvələrinin Qrenlandiyaya müdaxiləsi halında danimarkalı əsgərlərin əvvəlcə atəş açacağını, yalnız bundan sonra suallar veriləcəyini bildirmişdi.
Poliqon.info