Cəlilabad Rayon Məhkəməsində Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbinin dələduzluqda təqsirləndirilən eks-direktoru Azər Əsgərovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Cəbrayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktına əsasən, sözügedən tam orta məktəbin direktoru vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş dövlət əmlakını mənimsəmə və israfetmə yolu ilə talayıb, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edib.
Müəyyən edilib ki, Azər Əsgərov 01 aprel 2020-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək sözügedən məktəbin direktoru vəzifəsində çalışarkən “Təhsil haqqında” Qanunun, Nazirlər Kabinetinin və aidiyyəti normativ hüquqi aktların tələblərinə zidd olaraq xidməti vəzifələrini icra edib. O, maddi məsul vəzifəli şəxs kimi məktəbə dövlət tərəfindən ayrılan büdcə vəsaitinin səmərəli və məqsədyönlü istifadəsinə nəzarət etməli olduğu halda, vahid niyyətlə özünün və üçüncü şəxslərin qanunsuz üstünlük əldə etməsinə şərait yaradıb.
İttihama görə, təqsirləndirilən şəxs sağlamlıq imkanları məhdud olan, evdə təhsilə cəlb edilmiş şagirdlər üzrə faktiki olaraq dərs keçilmədiyi halda, bir sıra müəllimlərin adlarına dərs saatları tarifləşdirib və bunun əsasında onlara əməkhaqqı ödənilməsinə nail olub. Bu epizod üzrə tarix fənni müəlliminə 751,33 manat, təsviri incəsənət, həyat bilgisi və musiqi müəlliminə 944,24 manat, Azərbaycan dili, ədəbiyyat və ingilis dili müəlliminə 2 224,93 manat, riyaziyyat və informatika müəlliminə 1 925,44 manat, fizika müəlliminə 259,59 manat, biologiya müəlliminə 172,88 manat, kimya müəlliminə 145,67 manat, coğrafiya və ümumi tarix müəlliminə isə 462,11 manat olmaqla, ümumilikdə 6 886,19 manat dövlət vəsaiti əsassız olaraq ödənilib.
Bundan başqa, 2022/2023-cü tədris ilində fərdi təhsilə cəlb edilmiş VII sinif şagirdini digər məktəbə keçdiyi üçün 01 noyabr 2022-ci il tarixli əmrlə şagird kontingentindən çıxarılsa da, həmin tarixdən sonra 3 ay müddətində müəllimlərə əməkhaqqı ödənişləri dayandırılmayıb. Nəticədə tarix, ingilis dili, riyaziyyat, fizika, fiziki tərbiyə, kimya və coğrafiya fənləri üzrə müəllimlərə cəmi 989,60 manat məbləğində artıq vəsait ödənilib.
İttihamda həmçinin göstərilir ki, 2022-ci ilin noyabr–dekabr aylarında dərnək məşğələləri faktiki keçirilmədiyi halda, müəllimlərin adlarına rəsmiləşdirilmə aparılaraq 260,27 manat əməkhaqqı ödənilib. Eyni zamanda 2022/2023-cü tədris ilinin ikinci yarısında Xb sinfində şagird sayı normativ tələblərə uyğun olduğu halda, sinfin əsassız olaraq yarımqruplara bölünməsi nəticəsində müəllimlərə əlavə 944,46 manat ödənilməsinə şərait yaradılıb.
Araşdırmalarla müəyyən edilib ki, məktəbdə xadimə, kimya laborantı və ocaqçı vəzifələrində çalışan bir neçə şəxs uzun müddət işə gəlmədiyi və xidməti vəzifələrini icra etmədiyi halda, onların adlarına əməkhaqqı hesablanaraq bank kartlarına köçürülüb. Bu epizod üzrə xadiməyə 6 303,72 manat, kimya laborantına 3 121,67 manat, ocaqçıya isə 1 552,93 manat olmaqla, ümumilikdə 10 978,32 manat dövlət vəsaiti ödənilib.
Beləliklə, ittihama əsasən, Azər Əsgərov ümumilikdə 20 058,84 manat məbləğində dövlət büdcəsinə məxsus vəsaiti özünün və üçüncü şəxslərin qanunsuz və əvəzsiz mülkiyyətinə keçirməklə mənimsəmə və israfetmə yolu ilə talayıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib və məktəbin, habelə dövlətin təhsil sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Məhkəmə istintaqı zamanı Azər Əsgərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib. O, bəzi halların səhlənkarlıq nəticəsində baş verdiyini, dövlət büdcəsinə dəymiş ziyanın bir hissəsi olan 3 000 manatı ödədiyini, qalan məbləği isə ödəməyə hazır olduğunu deyib. Təqsirləndirilən şəxs səhhətində ciddi problemlər olduğunu, direktor vəzifəsindən öz ərizəsi ilə azad edildiyini qeyd edərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edib.
İş üzrə təqsirləndirilən şəxsin cinayət əməlləri onun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunub.
Hökmə əsasən, 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunmaqla 3 500 manat cərimə edilib.
Kamal Məmmədov