İlk baxışda inanılmaz səslənə bilər: bəzi insanlar torpaq, kərpic, daş və hətta saxsı qab yeyirlər.
Ekologiya.az bildirir ki, Musavat.com-un əməkdaşı paytaxtın tanınmış klinikalarının birində olarkən həkimlər arasında bu mövzuda söhbətin şahidi olub. Həkimlər son zamanlar kərpic, gil, torpaq, saxsı qab, təbaşir yediyi üçün səhhətində problemlər, ciddi fəsadlar yaranan insanların çoxaldığı, klinakalara bu cür problemlərlə əlaqədar müraciət edənlərin sayında artım olduğundan danışıblar.
Həkimlərin sözlərinə görə, qida hesab olunmayan adıçəkilən qeyri-qida məhsullarını yeyən insanları ətrafdakılar çox zaman düzgün başa düşmürlər. Bildirilir ki, ətrafdakılar bəzən bunu qəribəlik, özünü fərqləndirmək üçün edilən hərəkət kimi qiymətləndirir. Halbuki bu istək bəzən orqanizmin “kömək çağırışı”dır.
Tibbdə “Pika sindromu” adlanan bu hal vaxtında ciddiyə alınmadıqda ağır sağlamlıq problemlərinə yol aça və hətta ölümə səbəb ola bilir. Qida olmayan maddələrin yeyilməsi tibbdə nadir və təhlükəli davranış pozuntularından biri hesab olunur. Torpaq, gil, kərpic, daş, saxsı qab yemək istəyi sadəcə vərdiş deyil, əksər hallarda orqanizmdə gedən biokimyəvi pozuntuların əlamətidir. Qida olmayan maddələrə qarşı güclü istək-“Pika sindromu” xüsusilə dəmir, sink və vitamin çatışmazlıqları fonunda meydana çıxır və uşaqlarda, hamilə qadınlarda daha çox rast gəlinir. “Pika sindromu” bəzi hallarda psixoloji problemlərlə də əlaqəli olur.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu hal laqeyd yanaşılacaq məsələ deyil və vaxtında müayinə və müalicə olunmazsa sağlamlıq üçün təhlükəli nəticələr verə bilər. Kərpic, saxsı qab, torpaq, təbaşir kimi qida olmayan maddələrin yeyilməsi bağırsaq tıxanıqlığı, zəhərlənmə, diş və mədə-bağırsaq zədələnməsi, parazit və infeksiya riski yarada bilir.
Həkimlər bildirir ki, qeyd olunan maddələri yeməyə meyl varsa terapevt və ya endokrinoloqa müraciət edilməlidir, qan analizi verilməli, qanda vitaminlərin səviyyəsi mütləq yoxlanmalıdır. Zərurət olarsa psixoloq-psixiatr dəstəyi alınmalıdır.