İkinci dünya müharibəsi zamanı ölüm düşərgələrinin əsirləri tanrılarına cəlladlarından qisas almaq üçün dua ediblər, Moldova və Ukraynada toplaşan qaraçı qadınlar isə 3-cü Reyxin cəlladlarını və onların nəsillərini yeddi nəsil boyu lənətləyiblər. Bəs, görəsən ən yüksək cəza mövcuddurmu?
III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri Henrix Himmlerin nümayəndəsi Vilhelm Ştukart 20 yanvar 1942-ci ildə keçirilən Vanze konfransında iştirakı ilə “məşhur” olub. Məhz o zaman nasistlər bütün yəhudiləri - hətta körpələri, qadınları və yaşlıları belə məhv etmək qərarına gəliblər. Ştukart bir təklif irəli sürüb: “Mişlinqlər”in (almanlarla aşağı irq arasında nikahdan olan uşaqlar) qarşısını almaq üçün yarımcinsli “qarışıqlar” sterilizasiya edilməlidir. Lakin nasist Almaniyasının süqutundan sonra Ştukart ciddi cəzadan xilas olub.

ABŞ hərbi tribunalı nasisti qısamüddətli həbs cəzasına məhkum edib. SS hərbçisi iki ildən sonra, 1951-ci ilin yanvarında azadlığa buraxılıb. Qərbi Almaniya hakimiyyəti Vilhelmi 50 000 mark cərimələyib və məsələ bununla da bitib. İsrail Ştukartın məhkəmə üçün ekstradisiyasını tələb edib, lakin Qərbi Almaniya onun artıq cəzasını çəkdiyini iddia edərək tələbləri qulaqardına vurub. Keçmiş SS-çi siyasətə qoşularaq “Vətən və hüquqlardan məhrum edilmişlər birliyi”nin sədri olub. Vilhelm Ştukartın 15 noyabr 1953-cü ilə qədər işləri yaxşı gedib. Həmin il o, Hannover yaxınlığında yüksək sürətlə hərəkət etdiyi üçün ağır yol qəzasına uğrayıb və hadisə yerində keçinib.

Bu məsələ ilə bağlı nasist ovçusu Simon Vizental müsahiblərinin birində deyib: “Tanrı mövcuddur. Sadəcə o, hazırda tətildədir”. Vizental 1965-ci ildə konsentrasiya düşərgəsinin gözətçisi olmuş keçmiş SS leytenantını məhkəməyə verməyə çalışıb. Lakin alman heç bir məhbusu güllələməyib, sadəcə onları o qədər şiddətlə döyüb ki, zamanla həmin şəxslər ağrılardan ölüblər. Məlum olub ki, qanuna görə, bu, ağır bədən xəsarəti hesab olunub. Digər tərəfdən, hadisələrin üzərindən 20 il keçdiyi üçün SS əsgəri mühakimə oluna bilməzdi. Odur ki, nasist həbsxanadan çıxıb, amma eyni gün ölüb. Çox sevindiyindən şnaps içən alman sükan arxasına keçərək buzlu avtobanda sürətlə nəqliyyat vasitəsini idarə edib. Onun sonu da Vilhelm Ştukart kimi olub. Bundan xəbər tutan Vizental qısaca belə şərh verib: “Görünür, bəzən Tanrı tətildən qayıdır”.
1933-cü ildən Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü və təhlükəsizlik xidmətində xarici kəşfiyyat rəhbəri olan SS briqada füreri Valter Şellenberqin taleyini də qeyd etmək lazımdır. Onu “Baharın on yeddi anı” serialında aktyor Oleq Tabakov canlandırıb. 1937-ci ildə Şellenberq “Tuxaçevski işini” saxtalaşdıraraq, SSRİ-də çevriliş planlaşdırmaq üçün “Qırmızı marşal”ın sui-qəsdinin “sübutlarını” Sovet İttifaqına təhvil verib. Stalin ona inanıb və Tuxaçevski güllələnib. Şellenberq İsveçrə xüsusi xidmətləri ilə əməkdaşlıq edərək, kəşfiyyat zabiti Sandor Radonun rəhbərlik etdiyi İsveçrədəki sovet agentləri şəbəkəsi olan “Qırmızı üçlüyü” susdurub.

1943-cü ilin sonuna qədər “üçlük” işini dayandırmalı olub. Himmlerin etibarlı sirdaşı olan Şellenberq amerikalıların SSRİ-yə birgə hücum edə bilməsi üçün ayrıca bir atəşkəs bağlamalarını təklif edib. 6 may 1945-ci ildə Valter Himmlerin köməkçisi kimi danışıqlar apara biləcəyini düşünərək İsveçə uçub, lakin müttəfiqlər onunla işləməkdən imtina ediblər. Bir ay sonra isveçlilər nasisti müharibə cinayətkarı kimi təhvil veriblər. Lakin Nürnberq məhkəməsində o, demək olar ki, bütün ittihamlar üzrə bəraət alıb və Valter cəmi altı il həbs cəzasına məhkum edilib. Görünür, tezliklə tam bir həyat yaşayacaqdı - amma sonra Şellenberqə qaraciyər xərçəngi diaqnozu qoyulub. Bir il həbsdən sonra azadlığa buraxılıb, çoxlu pul xərcləyərək müalicə edilib, amma heç bir nəticə əldə edilməyib. Şellenberq 31 mart 1952-ci ildə, 42 yaşındaykən Turin klinikasında dəhşətli əzab içində ölüb.
Ağrıdan qışqıran qatillər
Avstriyanın Vildşut şəhərindən olan şturmbannfürer Fridrix Kranebitter 25 yanvar 1942-ci ildə nasistlər tərəfindən işğal edilmiş Xarkovda polis və təhlükəsizlik xidmətinin komandiri təyin edilib. Onun rəhbərliyi altında minlərlə məhbus, xüsusən də yəhudilər həbsxanalarda edam edilib. Kranebitter xəstəxanaya yerləşdirilən altmış uşağın edam edilməsini əmr edərək deyib: “Dərmanı israf etməyin mənası yoxdur; alman əsgərlərinin buna ehtiyacı var”.

Xarkovun azad edilməsindən sonra SS zabitinin 40.000 şəhər sakininin ölümündə iştirakı 1943-cü ilin dekabrında qiyabi məhkəmədə sübut edilib. Müharibədən sonra Kranebitter amerikalılar tərəfindən əsir götürülüb, lakin cəzadan qaçmağı bacarıb. Cəllad Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olduğuna görə bir il həbs cəzasına məhkum edilib və 1949-cu ildə azadlığa buraxılıb. O, yanğın sığortası müfəttişi kimi işə düzəlib və xərçəng diaqnozu qoyulana qədər yaxşı dolanışığını təmin edib. Kranebitter müalicə alsa da, dəyişən heç nə olmayıb. Ölümündən bir az əvvəl dözülməz ağrıdan qışqırıb: “Heç bir dərman kömək etmir” deyə bağırıb. Xarkov cəlladı 1957-ci ildə 54 yaşında vəfat edib.
Belə nümunələr çoxdur. Misal üçün, minlərlə insanı Fransadakı həbs düşərgələrinə göndərən SS briqadafüreri Otto Abetz həbsxanadan azad edildikdən dörd il sonra avtomobil qəzasında həlak olub.
Digəri, Qərbi Ukraynadakı SS və polis qüvvələrinin lideri, 400.000 mülki şəxsi məhv edən qruppenfürer Fritz Katzmann isə edam edilən qurbanlardan müsadirə edilən kiloqramlarla qızıl oğurlayıb. Argentinaya köçmək üzrəykən mədə ağrıları hiss edib - xərçəng olduğu məlum olub. Katzman 12 il müalicə alıb, lakin xəstəliyi məğlub edə bilməyib. Skeletə çevrilən nasist 1957-ci ildə ölüb.
Burada sual yaranır, onların ölüm cəzası milyonlarla dua və lənətin nəticəsi idimi? Yoxsa, təsadüf? Fikirlər, həmişəki kimi, bölünür.(musavat.com)