Gülüstan Əliyevadan tarixə düşən addım: “Leyli və Məcnun” süni intellektlə yenidən doğuldu - VİDEO
Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik, Opera və Balet teatrının solisti Gülüstan Əliyeva Azərbaycan operası və bütövlükdə İslam dünyası üçün mühüm yeniliyə imza atıb.
aia.az xəbər verir ki, “Leyli və Məcnun” operasının ilk səhnələşdirilməsinin 1908-ci ilin yanvar ayına təsadüf etməsi və sənətkarın teatr fəaliyyətinin 30 illiyi münasibətilə mədəniyyətimizdə unikal layihə reallaşdırılıb.
Gülüstan Əliyeva hər iki əlamətdar hadisə münasibətilə “Şərqin səsi” adlı layihəni təqdim edib. Layihə çərçivəsində ilk dəfə olaraq muğamda ağız artikulyasiyası süni intellekt texnologiyası ilə tətbiq olunaraq “Leyli və Məcnun” milli operasında sənətkarın partiyaları təqdim edilib.
Əməkdar artist bu iş üçün təxminən 15 fərqli süni intellekt alətindən istifadə edib. Proses 30 gün davam edib, nəticədə 3600 şəkil və 2 min video hazırlanaraq vahid ekran işinə çevrilib. Bu da layihəni dünya miqyasında barmaqla sayılan AI ekran işlərindən birinə çevirib.
Layihənin ekran işi rejissor Kənan Əsgərovun rəhbərliyi ilə ərsəyə gəlib.
Hazırda ekran işi “Görüş”, “Elçilik” və “Toy” səhnələrindən ibarətdir. Milli operanın digər səhnələrinin isə yaxın vaxtlarda təqdim olunması planlaşdırılır.
[media=https://youtube.com/shorts/OiQerYYBkNw?si=FKRlddLBekqyyNIp]