AZ

Mən sözü qoymuşam gözümün üstə... “Səksənincilər layihəsindən Səməd Qaraçöpün şeirləri

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Səməd Qaraçöpün şeirlərini təqdim edir.

Şair Səməd Qaraçöp 1951-ci il sentyabrın 5-də Gürcüstan Respublikasında, Qaraçöp mahalının Keşəli kəndində doğulub. Ləmbəli kənd orta məktəbini bitirib (1968). Azərbaycan Dövlət Universitetininn əvvəlcə mexanika-riyaziyyat fakültəsində oxuyub, 1985-ci ildə isə həmin təhsil ocağının filologiya fakültəsini bitirb. Uzun müddət Qaraçöpün Yor-Muğanlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib. 90-cı illərin əvvəllərindən Bakıda yaşayır və həmin vaxtdan sərbəst yaradıcılıqla məşğul olur.

S.Qaraçöpün şerləri ötən əsrin 80-ci illərindən dövrü mətbuatda çap olunub və böyük əks-səda doğurub. Məmməd Araz, İsa İsmayılzadə, Məmməd İsmayıl onun qələmindən çıxan əsərləri yüksək qiymətləndiriblər. Onun yaradıcılığı tezliklə öz oxucusunu tapıb, poeziyamızda seçilib, diqqət çəkib və mübahisələrə səbəb olub. Şeirləri bir sıra ədəbi almanax və antologiyalarda çap olunub. “Vətənin qıraqda qalan yerləri” (1986) və “Son nəfəs” (2002) şeirlər topluları böyük maraqla qarşılanıb.

S.Qaraçöp eyni zamanda bir neçə kitabın redaktorudur. Dünya ədəbiyyatından bir sıra maraqlı əsərləri dilimizə tərcümə edib.

DƏRD AĞIR OLANDA

Hər günün – bir əsəb yanğısı kimi,

Hər gecən – bir ürək ağrısı kimi;

Dərd də yanğın kimi yandırır elə,

Elə göz yaşı da axır su kimi.

Birdən göz yaşı da quruyur amma,

Gözə də bir umud bağlamaq olmur;

Dərd ağır olanda durur gözünə,

Dərd ağır olanda ağlamaq olmur.

Baxırsan, dərd bütün ağırlığıyla

Bir anda başının üstünü alır;

Gözün də bir damcı tutarı yoxdu,

Dərd ağır olanda quruyub qalır.

Dərd ağır olanda durur gözünə,

Doğma gözlərin də dərdi bölüşmür;

Elə bil yer üzü düşür yanğına,

Amma göy üzündən bir damcı düşmür...

Dərd ağır olanda ağlamaq olmur.14.06.1988

DİVAN

Dünyadan heç yana qaça bilmədik,

Ha yana qaçasan, bu dünya dardı.

Bu yanda şairlər divan yazanda

Şahlar da o yanda divan tutardı.

O yana baxırsan – qana batanlar,

Bu yana baxırsan – qanı batanlar…

Axı bu dünyada azmı olubdu

Divan yazanlara divan tutanlar?!

Hərə öz işini görüb dünyada,

Dünyadan heç yana qaçan olmayıb…

Divan yazanlardan divanlar qalıb,

Divan tutanlardan heç nə qalmayıb.

SÖZ OYUNU

Bu dünya başımı aldatdı mənim –

Aldatdı kağıznan-qələmnən elə;

Mən sözlə oynadım bir uşaq kimi —

Oynadım dünyaya gələndən elə.

Mən – ilham atına minən bir uşaq,

Belə uşaq olmaz, belə at olmaz;

Sözün də düşəri-düşməzi olur,

Yox, sözlə bu boyda zarafat olmaz.

Mən sözü qoymuşam başımın üstə,

Mən sözü qoymuşam gözümün üstə...

Cəllad da bıçaqla oynayır axı,

Şairlər soyulur sözünün üstdə.

Bir oyun başladım kağız-qələmlə,

Bıçağı-baltası çıxacaq bunun;

Yox, sözlə bu boyda zarafat olmaz,

Yox, bir gün xatası çıxacaq bunun.16.10.2024

GÜZGÜ

Güzgüyə baxanda çaşıb qalıram,

Görürəm, o deyil mən görən daha;

Güzgüdə özümə baxdığım zaman

Elə bil atamı görürəm daha.

Görünən odu ki, biznəndi bu yol,

Görünən odu ki, biznəndi bu baxt…

Eh, bir vaxt atam da bu yaşda idi,

Bu yaşda olacaq oğlum da bir vaxt.

Atamın üzüdü baxdığım bu üz,

Atamın yoludu yolum da elə;

Dünyada atamın davamıyam mən,

Mənim davamımdı oğlum da elə.

Eh, mən gələcəyə gedirdim axı,

Keçmişə apardı gələcək məni…

Mən yaşda olacaq oğlum da bir vaxt,

Güzgüyə baxanda görəcək məni.

26.08.2024

BİR ÜRƏK AĞRISI

Dünyaya gələndən ağrı çəkirəm,

Ağrı çəkir məni doğma qan qədər;

Allah bu ürəyi mənə verdi ki,

Get ağrı – ürəyin istəyən qədər.

Baxmadım gözümün ucuyla belə,

Dünyanın ürəkdən anrısına mən;

Allahın verdiyi o bir ürəklə

Ağrıdım hamının ağrısına mən.

Kimin ayağına bir daş dəyirsə,

Hər dəfə sinəmdə ürək can çəkir;

Hamının ağrısı doğmadı mənə,

Ağrı görən kimi məni qan çəkir.

Allahın verdiyi o bir ürəklə

Ağrıdım dünyada hər göz yaşına;

Əl boyda ürəyi böldüm hamıyla,

Böldüm ürəyimi ağrıbaşına.07.01.2024

LƏLƏK

Şairlər yer üzünün

Yolunu öyrəndilər;

Lələkdən qələm düzəldib

Göydən yerə endilər.

Qanadlar yavaş-yavaş

Unutdu öz yerini;

Şairlər unutdular

Göydən gəldiklərini.

…Məni bu yer üzündə

Vurdular yerdən-yerə;

Qələmdən lələk düzəldib

Qayıdıram göylərə.

ƏSİL ŞEİR

Əsil şeir göydən gəlir,

Bax, yerin-göyün daşına;

Əsil şeir daşdı – yağır

Əsil şairin başına.

Əsil şairsənsə, gərək

Gündə ölüb-diriləsən;

Gərək bu ağır daşların

Altında dura biləsən.

Baş qoy hər daşın altına,

Hər daşdan asıl – şeyirdi.

Yerdə-göydə nə daş varsa,

Hamısı əsil şeirdi.

Allah da, bəndələri də

Qoy daşı daşa calasın;

Əsil şair bu daşları

Gərək göydə qarşılasın!

Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

Maskın sərvəti 600 milyard dolları keçdi

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
kulis.az

2Mənbələr