“Samsung”un uzun illərdir konsept kimi təqdim etdiyi və “ağıllı evlərin gələcəyi” adlandırılan “Ballie” robotu satışa buraxılmayacaq. Şirkət əvvəlcə 2025-ci ilin yayında bazara çıxarılması planlaşdırılan bu məhsulla bağlı qərarını dəyişərək layihəni qeyri-müəyyən müddətə dayandırıb, sonra isə tamamilə imtina edib. Şirkət rəsmilərinin bildirdiyinə görə, “Ballie” bundan sonra yalnız daxili texnoloji araşdırmalar üçün istifadə olunacaq. Robot “Samsung”un ağıllı ev ekosistemi, kontekstual süni intellekt, məkan əsaslı xidmətlər və məxfiliyə fokuslanan dizayn həlləri üzrə təcrübə qazanmasına xidmət edəcək.
İlk dəfə 2020-ci ildə CES texnologiya sərgisində ictimaiyyətə təqdim edilən “Ballie” sonrakı illərdə daha inkişaf etdirilmiş və funksional versiyaları ilə diqqət mərkəzində olmuşdu. Buna baxmayaraq, şirkət bu robotu artıq geniş istehlakçı bazarı üçün perspektivli məhsul hesab etmir. Ekspertlərin fikrincə, layihənin dayandırılmasında artan istehsal xərcləri mühüm rol oynayıb. Xüsusilə yaddaş, sensorlar və digər texnoloji komponentlərin bahalaşması “Ballie”nin kütləvi istehsalını iqtisadi baxımdan səmərəsiz edib. Nəticədə “Samsung” bu robotu kommersiya məhsulu kimi deyil, innovativ texnologiyaların sınaq platforması kimi saxlamağa üstünlük verib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”