AZ

Venesueladakı proseslərin neft bazarına təsiri kəskin hiss edilmədi - Ekspert rəyi

Bakı, 9 yanvar, AZƏRTAC

Venesueladakı proseslərin dünya neft bazarına təsirləri o qədər də davamlı və kəskin hissedilən olmadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert bildirib ki, Venesuela hadisələri baş verəndən sonra hərraclarda “Brent” markalı xam neftin bir barelinin qiyməti 61 dollardan aşağı həddə düşdü. Sonrakı günlərdə isə qiymət bir dəfə, hətta 60 dollardan aşağı endi.

Dekabrın 19-dan sonra ilk dəfə idi ki, “Brent” 60 dollar/bareldən aşağı ticarət edilirdi. Ancaq proses çox qısa zaman çəkdi. Çünki bu proses siyasi bəyanatlardan, onun nəticəsində baş verən hadisələrə şirkətlərin reaksiyasından, o cümlədən bazarın bu emosional vəziyyəti necə qiymətləndirməsindən asılı idi. Hazırda Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir bareli 62 dollar civarında satılır. Yəni, neft bazarındakı vəziyyət bir ay öncə də buna bənzər idi. Qiymətdəki bu qısamüddətli dəyişkənliyə səbəb ABŞ Prezidenti Donald Trampın Venesueladakı proseslərlə bağlı bir-birinin ardınca bəyanatları idi. Tramp bildirdi ki, ABŞ Venesueladan 30-50 milyon barrel neft alacaq, Birləşmiş Ştatların neft şirkətləri bu ölkəyə dəvət olunur. Lakin bazarın buna reaksiyası o qədər də hissedilən olmadı. Çünki neft qiymətləri aşağı istiqamətli dəyişirdi.

“Hazırda ABŞ şirkətləri bəyan edirlər ki, biz Venesuala bazarında daha əvvəllər bir neçə dəfə vaxt itirmişik. Buna milliləşdirmə proqramı səbəb olub. Ona görə də həmin şirkətlər Venesuelaya yatıracaqları investisiyalar üçün Birləşmiş Ştatlar hökumətindən zəmanət istəyirlər. Çünki Donald Trampın prezidentlik müddəti 3 il sonra bitir. Yenidən prezident olacağı da bilinmir. ABŞ-ın potensial yeni prezidentinin Venesuela ilə münasibətləri, o cümlədən də həmin dövrdə bu ölkədəki vəziyyətin necə olacağı bilinmir.

Bundan başqa, Venesuela qeyri-stabil siyasi və iqtisadi vəziyyətə malik ölkədir. Bu ölkədə biznesin və irihəcmli kapital qoyuluşlarının risk dərəcəsi həddən artıq böyükdür. Buna görə də bu proseslər - Donald Trampın arzuladığı kimi neft qiymətlərini 10 dollar aşağı salmaq məsələsi sadəcə bir-iki əməliyyatın nəticəsində əldə edilmir. Çünki neft-qaz sektoru böyük investisiya tələb edir və bu sərmayələrin geri qaytarılma müddəti kifayət qədər uzundur, sektorda risklər böyükdür”, - deyə o qeyd edib.

 

Seçilən
84
azertag.az

1Mənbələr