AZ

Pezeşkianın mövqeyi Rza Pəhləvinin hakimiyyətə qayıtmasına maneədir - Rəy

Yazını böyüt
Yazını kiçilt

İranda gedən mitinqlər və iğtişaşlar fonunda İranın ali dini lideri Xameneinin ölkəni tərk etməsi ilə bağlı və hansı ölkəyə sığına biləcəyi sualı aktuallaşır. İlk versiyalardan biri Rusiya göstərilir. Ancaq bir şox ekspertlər dini uyğunsuzluq baxımından Xameneinin Rusiyaya getməsini və sığınmasını real hesab etmir.

Bu istiqamətdə Hafta.az-a şərh verən siyasi ekspert Vüqar Dadaşov bir neçə gün əvvəl İrandan Rusiyaya yük təyyarələri vasitəsilə İran qızılının və dövlət ehtiyatlarının daşınması ilə bağlı xəbərlərin yayıldığını, hələlik bu məlumatın öz tutarlı təsdiqini tapmadığını deyib:

"İran artıq Rusiyanı özünə etibarlı müttəfiq hesab etmir. Hərçənd, Rusiyaya silah tədarükü və Ukrayna müharibəsində İranın iştirakı fonunda belə bir görüntü formalaşıb. Bir müddət əvvəl isə İran Prezidenti Pezeşkianın çıxışında İran-İsrail qarşıdurması zamanı müttəfiqlərdən heç bir yardım alınmadığını açıq şəkildə ifadə etməsilə Rusiya ilə münasibətlərin real mahiyyətini ortaya çıxarıb. Bu baxımdan Xameneinin Rusiyaya sığınma ehtimalını son dərəcə zəif hesab edirəm".

Ekspert vurğulayıb ki, həmçinin, Rusiya prezidenti Vladimir Putin hakimiyyətinə etimad son dərəcə zəifləyib və onun hakimiyyətdə qalması ciddi sual altındadır:

"Qeyri-müəyyənlik şəraitində Xameneinin Rusiyaya sığınmağı mümkün deyil. Hətta demək olar ki, onun Fransaya və ya ümumiyyətlə Avropa ölkələrindən birinə sığınma ehtimalı Rusiyadan daha yüksəkdir.

Digər ehtimal variantı Xameneinin Çinə sığınmasıdır. Ancaq Çin bu tip qlobal və ideoloji xarakterli siyasi ssenarilərdə birbaşa iştirak edən dövlət deyil. Üstəlik, dini və sosial uyğunsuzluq nəzərə alındıqda, Xameneinin Çinə sığınması da real görünmür.

Ən optimal variant kimi isə İranın ali dini liderinin Körfəz və region ölkələrindən birinə sığınması ehtimalı daha inandırıcıdır. Əgər Xamenei hakimiyyəti könüllü şəkildə təhvil verərsə, düşünürəm ki, bu proses ərəb ölkələrinin, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilə və ona həmin ölkə tərəfindən sığınacaq verilə bilər".

V.Dadaşov Xameneidən sonra İranda hakimiyyətə Rza Pəhləvinin gətirilməsi ehtimalına diqqət çəkib. Qeyd edib ki, şah rejimi davamçısı Rza Pəhləviyə qarşı ölkənin 50 faizindən çoxunu təşkil edən Cənubi Azərbaycan əhalisinin ciddi narazılığı mövcuddur:

"ABŞ-da yaşayan Pəhləvinin İranda hakimiyyətə qayıtması yalnız Donald Trampın iradəsinə bağlıdır. Şübhə yoxdur ki, Trampın Ərdoğan və İlham Əliyev ilə etibarlı münasibətləri bu prosesdə həlledici şərt rolunu oynayır. Eyni zamanda, İranın hazırkı prezidenti, əslən azərbaycanlı Pezeşkianın mövqeyi Rza Pəhləvinin İranda hakimiyyətə qayıtmasına ciddi maneə yaradır".

Tahirə Qafarlı

Seçilən
37
hafta.az

1Mənbələr