Bakı, 9 yanvar, Ceyhun Xəlilov, AZƏRTAC
Müasir dövrdə baş verən dəyişikliklər bir çox sahələr kimi enerji sektorunda da özünü göstərir. Artıq bərpaolunan enerji mənbələrinin, ağıllı idarəetmə texnologiyalarının və innovativ enerji həllərinin inteqrasiyası ölkələr üçün prioritet mövzuya çevrilir. Azərbaycan isə öz təbii resurs potensialı və coğrafi üstünlükləri sayəsində bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edə bilər. Bu imkanlar ölkənin enerji sisteminin səmərəliliyini artırmaq və regional əməkdaşlıq imkanlarını genişləndirmək üçün əsas baza yaradır.
Almaniyanın "EnBW AG" şirkətində çalışan, enerji sistemlərinin modelləşdirilməsi və bərpaolunan enerji üzrə ixtisaslaşmış tədqiqatçı alim Rasim Cənnətəliyev AZƏRTAC-a müsahibəsində Azərbaycanın bərpaolunan enerji layihələrinin hazırkı vəziyyəti, qarşıda duran texniki və institusional çağırışlar barədə danışıb. Müsahibəni təqdim edirik.
- Siz Azərbaycanın bərpaolunan enerji potensialını necə qiymətləndirirsiniz və yaxın 10 ildə enerji sistemində nələr dəyişə bilər?
- Azərbaycanda bərpaolunan enerji üzrə həyata keçirilən layihələri yüksək qiymətləndirirəm. Ölkənin həm Günəş, həm də külək enerjisi üzrə böyük texniki potensialı var və coğrafi mövqeyi bu sahələrin inkişafı üçün əlverişlidir.
Bundan əlavə, Azərbaycanın geotermal ehtiyatları da çox zəngindir. Respublikanın müxtəlif bölgələrində termal suların mövcudluğu və təxminən 400 palçıq vulkanının enerji mənbəyi kimi istifadə olunma imkanı geotermal istiqamətin inkişaf perspektivini daha da artırır. Bu resurslar həm istilik təminatında, həm də alternativ enerji istehsalında istifadə oluna bilər.
İstilik nasoslarının tətbiqi üçün də ölkənin iqlim və relyef xüsusiyyətləri çox əlverişlidir. Lakin bu sahənin inkişafı üçün tələb olunan infrastrukturun yaradılması və müvafiq qanunvericiliyin formalaşdırılması vacibdir.
Azərbaycanın bərpaolunan enerji potensialından tam istifadə etmək üçün, ilk növbədə, elektrik ötürmə şəbəkəsi yenilənməli və gücləndirilməlidir. Şəbəkənin ağıllı idarəetmə sistemləri ilə optimallaşdırılması bərpaolunan enerjinin inteqrasiyasını asanlaşdıracaq. Bu infrastruktur qurulduqdan sonra Azərbaycan istehsal etdiyi enerjini həm ölkə daxilində daha səmərəli ötürə, həm də Avropaya və qonşu ölkələrə ixrac edə bilər.
- Müasir dünyada enerji təhlükəsizliyi necə dəyişib, bərpaolunan enerji ilə bağlı risklər ağıllı enerji sistemləri vasitəsilə necə idarə olunur və Almaniyanın “Energiewende” təcrübəsi bu baxımdan hansı praktik modeli təqdim edir?
- Hazırkı dövrdə üstünlük daha çox yaşıl enerji – bərpaolunan enerji mənbələrinə verilir. Bərpaolunan enerji mənbələri ekoloji cəhətdən təmiz olsa da, ətraf mühitdən çox asılıdırlar. Bu da enerji təhlükəsizliyini qorumaq üçün rezerv kimi bərpa olunmayan enerji mənbələrinin – qaz və neftin istifadəsini tələb edir. İndiki zamanda yaşıl hidrogenə üstünlük verilir. Yaxın gələcəkdə yaşıl hidrogen qaz və nefti əvəz edəcək. Özüm bu sahədə çalışdığıma görə, bu mövzu ilə yaxından tanışam.
Ağıllı enerji sistemlərinin inteqrasiyası çox vacibdir və bu addım ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Belə sistemlərin inteqrasiyası enerjinin səmərəliliyini artıracaq, enerji xərclərini azaldacaq və enerji təhlükəsizliyini təmin edəcək. Almaniyanın “Energiewende” təcrübəsi bu yanaşmanın praktik nümunəsidir: Şimal və Baltik dənizində külək enerjisindən əldə olunan elektrik şəbəkəyə ötürülür, saxlanılır və ya yaşıl hidrogen istehsalında istifadə olunur. Bu model Azərbaycanın enerji transformasiyası üçün də dəyərli nümunə hesab edilə bilər.
- Enerji mühəndisliyi sahəsində karyera qurmaq istəyən gənclərin beynəlxalq səviyyədə rəqabətə davamlı olmaları üçün hansı bilik və bacarıqlara, texnoloji anlayışlara, akademik təcrübələrə sahib olmaları vacibdir?
- Enerji mühəndisliyi sahəsində uğurlu olmaq üçün müxtəlif amillər var. İlk növbədə, ali təhsillə yanaşı, intellektual enerji sistemlərini dərindən öyrənmək və tətbiq etmək, həmçinin təcrübə toplamaq lazımdır. Avropada keçirilən icmalarda, konfranslarda və sərgilərdə aktiv olmaq gənclərin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini daha da artırır.