AZ

İranda etiraz gecəsi: Yanğınlar, toqquşmalar və itkilər...

Yanvarın 9-na keçən gecə ölkənin bir sıra şəhərlərində kütləvi iğtişaşlar davam edib..

Poliqon xəbər verir ki, yanvarın 9-na keçən gecə İranın müxtəlif şəhərlərində genişmiqyaslı etiraz aksiyaları baş verib. Aksiyalar zorakılıq, dövlət və təhlükəsizlik qurumlarına məxsus obyektlərin yandırılması, həmçinin silahlı toqquşmalarla müşayiət olunub. Hadisələr fonunda ölkə üzrə internet tamamilə kəsilib və hazırda iranlıların xarici dünya ilə yeganə əlaqə vasitəsi peyk üzərindən işləyən Starlink xidmətidir.

Paytaxt Tehranda etirazçılar bir neçə polis avtomobilini və dövlət strukturlarına aid binaları yandırıblar. Xüsusilə Firdus bulvarı, Haft-Hauz ərazisi və Qüds meydanı ətrafında ciddi qarşıdurmalar qeydə alınıb. Məlumatlara görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli obyektlərin yaxınlığında da yanğınlar baş verib.

İsfahanda dövlətə məxsus IRIB teleradio şirkətinin binalarının yandırıldığı bildirilir. Bu fakt BBC Persian və Iran International tərəfindən yayımlanan videomateriallarla təsdiqlənib.

Məşhəddə etirazçılar bir neçə polis bölməsini ələ keçiriblər. Onlardan biri tamamilə yandırılıb.

Yəzd şəhərində isə etirazlar zamanı meriya binasının yandırıldığı barədə məlumat yayılıb.

Əlborz vilayətinin Fərdis şəhərində SEPAH bölmələrinin müdaxiləsindən sonra ölən və yaralananların olduğu bildirilir. Yerli sakinlər təhlükəsizlik qüvvələrinin sərt və zorakı addımlar atdığını deyirlər. Lakin ölənlərin və xəsarət alanların dəqiq sayı hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Bundan əlavə, Təbriz, Ərdəbil, Kirmanşah, Dezful, Masalə, Dərgəz və Darab şəhərlərində də etiraz aksiyaları, yanğınlar və toqquşmalar barədə məlumatlar daxil olub. Darab şəhərində SEPAH-la əlaqəli olduğu bildirilən “Ofeg Koruș” ticarət şəbəkəsinə məxsus mağaza yandırılıb, lakin talan halları qeydə alınmayıb.

İranın Tasnim Agentliyi toqquşmalar zamanı SEPAH-ın bir zabitinin həlak olduğunu xəbər verib.

Eyni zamanda, Təbrizlə bağlı sosial şəbəkələrdə yayılan bəzi videoların manipulyasiya edildiyi bildirilir. Belə ki, guya etirazçıların Pəhləvini dəstəklədiyi iddia edilsə də, real kadrlarda iştirakçıların “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarları səsləndirdiyi aydın eşidilir.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr