AZ

Müasir dünyada inkar olunan beynəlxalq hüquq

Bakı, 9 yanvar, Rabil Kətanov, AZƏRTAC

Tanınmış amerikalı politoloq, keçmiş dövlət katibi Henri Alfred Kissincer “Diplomatiya” əsərində yazır ki, “Neftə nəzarət edən xalqları, ərzağa nəzarət edən isə insanları nəzarətdə saxlayır”. Buradan belə nəticəyə gəlmək olar ki, dünya siyasəti çoxdandır ki, resurslar uğrunda mübarizəni azadlıq uğrunda mübarizə kimi qələmə verirlər.

AZƏRTAC xəbər verir ki, bir əsr yaşamış görkəmli siyasi xadim dünya siyasətinin dərinliklərinə bələd olduğu üçün onun fikri bugünkü dünyada özünü bütün çılpaqlığı ilə reallıqda göstərir. Uzağa deyil, elə XX əsrin sonlarında Azərbaycanın başına gətirilənlərə baxsaq, qlobal siyasətdə haqqın, hüququn, ədalətin, beynəlxalq norma və qanunların, həmçinin prinsiplərin sadəcə olaraq kağız üzərində olduğunu görürük.

Azərbaycanın ərazisi işğal edildi, ərazi bütövlüyü və suverenliyi pozuldu, əhalisinin bir qismi qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum edildi. Lakin heç bir beynəlxalq təşkilat kəskin qərar qəbul etmədi, heç bir güclü dövlət Ermənistanın təcavüzünə “Dur!” demədi. BMT-nin dövlətlərin ərazi bütövlüyünün bölünməzliyini özündə ehtiva edən 2-ci maddəsi kobudcasına pozuldu. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilsə də, uzun illər bu qərarlar icrasız qaldı. Azərbaycana beynəlxalq aləmdə nəinki heç kəs yardım etmədi, əksinə ABŞ Konqresi yardımı qadağan edən 907-ci düzəlişlə onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırdı.

Azərbaycan 30 ilə yaxın bu ədalətsizliyə dözərək iqtisadi potensialını, sosial inkişafını və ən başlıcası isə ordusunu gücləndirərək, 44 gün ərzində öz suverenliyini bərpa edərək torpaqlarını işğaldan azad etdi və məhz bundan sonra dünya birliyində layiqli yerini möhkəmləndirdi. Aydın oldu ki, dünya siyasətində “güclü haqlıdır” prinsipi qalan bütün beynəlxalq hüquq normalarından üstün tutulur.

Təsadüfi deyildir ki, ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətlər Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev Türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsini və birgə hərbi təlimlərin keçirilməsini təklif edərək deyib: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

Təşkilat üzvlərinə belə təklifin edilməsi təsadüfi xarakter daşımır. Azərbaycan və digər üzv dövlətlər yalnız hərbi-siyasi müttəfiqlik etməklə imperialist siyasət yürüdən dövlətlərin təzyiqinə qarşı dura bilərlər. Ayrı-ayrılıqda heç bir dövlət təkbaşına hərbi əməliyyatlarda qalib gəlmək şansına malik deyil. XIX əsrdə İngiltərə imperiyasının “parçala, hökm sür” siyasəti bu gün də aktuallığını itirməyib. Həmin siyasətin nümunəsi kimi bu gün Hindistan ilə Pakistanı göstərmək olar. Onlar parçalanmanın acı nəticəsini hələ də öz üzərlərində hiss edir, Kəşmir kimi həlli görünməyən münaqişəyə cəlb edildilər. Birliyin nümunəsi kimi isə Avropa İttifaqını göstərmək olar.

ABŞ-ın BMT-dəki keçmiş təmsilçisi, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton “The Washington Post” qəzetinə verdiyi müsahibəsində deyib ki, “Beynəlxalq hüquq, həlli mümkünsüz məsələdir”. Onun fikrincə “bir sıra geosiyasi vəziyyətlərdə zor tətbiqi qəbul edilə bilər”. Beynəlxalq hüquq əsasən böyük dövlətlərin zor tətbiqini ört-basdır etmək üçün istifadə olunur. Yuxarıda qeyd etdiyimiz kimi 1992-ci ildə Azərbaycan işğala məruz qalması haqqında BMT-ə müraciət etdi və BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi. Lakin bu qətnamələr icra olunmadı və Azərbaycan ərazilərinin işğal altında qalması davam etdi. Lakin 1991-ci ildə ABŞ-ın müttəfiqi Küveytə təcavüz edən İraq barədə BMT-ə müraciət olundu və Təhlükəsizlik Şurası 660 saylı qətnamə ilə İraqa Küveyti tərk etməsi üçün 15 gün vaxt verildi. İraq bunu inkar etdikdən sonra 38 ölkə ABŞ liderliyində İraqa qarşı havadan və qurudan hərbi əməliyyatlara başladı və onu işğal etdiyi Küveyt ərazisindən çıxmağa məcbur etdilər.

Rusiya Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Valeriy Zorkin hesab edir ki, SSRİ dağıldıqdan sonra dünya birqütblü oldu və güclü tərəf beynəlxalq hüququ inkar edərək öz maraqlarını təmin etmək üçün zor tətbiq etməyə başladı. Buna qarşı dura biləcək qüvvə olmadığı üçün geosiyasi mübarizədə haqlı və ya haqsız yerə zor tətbiqi davam edəcək.

Bu günlərdə “The New York Times” qəzetinə verdiyi müsahibəsində ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan etdi ki, “Mənim üçün beynəlxalq hüquq normaları heç bir əhəmiyyət daşımır. Qərarların qəbulu zamanı mənəvi dəyərlərə üstünlük verirəm”.

Hələlik müasir dünyamızda beynəlxalq hüquq açıq-aşkar inkar edilir və geosiyasi proseslərdə “güclü haqlıdır” prinsipi işə salınır. Bunun nə qədər davam edəcəyini isə zaman göstərəcək.

 

Seçilən
107
azertag.az

1Mənbələr