AZ

Azərbaycan-ABŞ əlaqələri hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan hər zaman bu münasibətlərə xüsusi önəm verib, onların inkişafı istiqamətində ardıcıl səylər göstərib və münasibətlər tarixində ümumilikdə yüksələn xətt formalaşıb.

Lakin xüsusilə ABŞ Prezidenti Barak Obama və onun vitse-prezidenti Co Bayden dövründə, daha sonra isə Co Baydenin Prezidentliyi və Dövlət katibi Blinkenin fəaliyyəti zamanı ABŞ-ın Azərbaycana münasibəti demək olar ki, köklü şəkildə dəyişib. ABŞ regionda tərəfkeş və qeyri-obyektiv mövqe tutub, nəticədə Azərbaycan–ABŞ münasibətləri faktiki olaraq sıfır səviyyəsinə enib. Aparılan destruktiv siyasət ABŞ-ın regiondakı nüfuzunun ciddi şəkildə zəifləməsinə səbəb olub.

Bu barədə Milli Məclisin komitə sədri Səməd Seyidov AZƏRTAC-a açıqlama verib.

O bildirib ki, Azərbaycan öz müstəqil və prinsipial siyasətini davam etdirdiyi halda, Bayden administrasiyası işğalçı tərəfin mövqeyini dəstəkləyib və separatizmə dəstək siyasətini pik həddə çatdırıb. Prezidentin müsahibələrində də qeyd edildiyi kimi, Co Bayden vaxtilə Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişi fəal şəkildə dəstəkləyib və onun müəlliflərindən biri olub.

“Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-da vəziyyət dəyişməyə başlayıb. Ondan əvvəlki dövrdə ABŞ-ın siyasəti təkcə Qafqazda deyil, ümumilikdə dünyada ciddi böhran içində idi. Zəif və səmərəsiz siyasət Yaxın Şərqdə, Rusiya–Ukrayna münaqişəsində, Avropada və digər regionlarda böyük problemlər yaradıb. Bu səbəbdən münasibətlərin yenilənməsi ABŞ-ın beynəlxalq arenada yenidən güclü və təsirli aktor kimi çıxış etməsi üçün zəruri olub.

Azərbaycan Prezidenti məhz bu mürəkkəb və gərgin dövrdə, ikili standartların və qərəzli yanaşmaların hökm sürdüyü bir şəraitdə prinsipial mövqeyini qoruyub saxlayıb. Azərbaycan beynəlxalq təşkilatlarda mübarizəni davam etdirib, öz mövqeyini açıq şəkildə ifadə edib, zaman göstərib ki, tutulan xətt tamamilə doğru olub”, - deyə S.Seyidov vurğulayıb.

Deputatın sözlərinə görə, bu siyasətin Azərbaycan–ABŞ münasibətləri çərçivəsində zirvə nöqtəsi 2025-ci ildə baş verib. Həmin il iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və mövcud siyasi reallıq beynəlxalq səviyyədə təsdiqlənib. ABŞ-ın iştirakı ilə Ağ Evdə, Prezident Donald Trampın birbaşa şahidliyi ilə Ermənistanla sülh müqaviləsi paraflanıb, strateji tərəfdaşlıq xəritəsi hazırlanıb və 907-ci düzəlişin tətbiqi dayandırılıb. Bütün bunlar Azərbaycan Prezidentinin apardığı ardıcıl siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilir.

“907-ci düzəlişin icrası Prezident tərəfindən dayandırılıb, onun tam ləğvi ilə bağlı qərar isə Konqresin səlahiyyətində qalır. Konqresmen Paulina Luna 907-ci düzəlişin tam ləğvi ilə bağlı qanun layihəsi təqdim edib. Layihədə bu düzəlişin ABŞ-ın maraqlarına zidd olduğu, erməni lobisinin təsiri ilə qəbul edildiyi və Azərbaycan–ABŞ münasibətlərinə ciddi zərər vurduğu açıq şəkildə göstərilib. Bu məsələ təkcə bir konqresmenin təşəbbüsü kimi qiymətləndirilməməlidir. Bu addım ABŞ-ın regionda yenidən nüfuzlu və əhəmiyyətli rol oynamaq niyyətinin göstəricisidir. Xüsusilə Tramp marşrutu (Zəngəzur dəhlizi) çərçivəsində planlaşdırılan layihələr siyasi baxımdan möhürlənmiş sülhün real təminatı kimi dəyərləndirilir. ABŞ bu prosesdə praqmatik siyasət aparır və atılan addımlar təsadüfi xarakter daşımır”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.

Seçilən
69
azertag.az

1Mənbələr