Bakı, 9 yanvar, AZƏRTAC
Elektriklə işləyən avtomobillərin şarj problemləri son vaxtlar gündəmdədir. Bu məsələ ilə bağlı “Azərişıq” ASC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşısında mühüm vəzifələr qoyulub. Həmçinin digər aidiyyəti qurumlara da elektrik avtomobilləri üçün şarj məntəqələrinin yaradılması, xüsusilə bu məntəqələrin vətəndaşlar üçün əlçatan yanacaqdoldurma məntəqələrində yerləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.
AZƏRTAC-a açıqlaması zamanı nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, elektrik avtomobilləri üçün şarj məntəqələrinin yaradılması digər yanacaqdoldurma infrastrukturları ilə müqayisədə daha tez və asan başa gəlir.
Onun sözlərinə görə, bu proses üçün xüsusi texnoloji tələblər və yüksək təhlükəsizlik tədbirləri tələb olunmur.
“Əsas diqqət yetirilməli məqam ərazinin düzgün seçilməsidir. Belə ki, şarj məntəqələri elektrik şəbəkəsinə yaxın, insanların sıx istifadə etdiyi ərazilərdə qurulmalıdır ki, vətəndaşlar onlardan rahat yararlana bilsinlər. Digər vacib məsələ şarj məntəqələrinin sayıdır. Hazırda bir çox vətəndaş bu sistemləri xaricdən fərdi şəkildə sifariş edir ki, bu da elektrik avtomobillərinə marağın artdığını göstərir. Bununla belə, şarj infrastrukturu kütləvi istifadəyə uyğun şəkildə genişləndirilməlidir. Yanacaqdoldurma məntəqələrindən fərqli olaraq, elektrik avtomobilləri üçün şarj məntəqələrinin istifadə qaydaları daha sadə, rahat və əlçatan olmalıdır”, - deyə Aslan Əsədov vurğulayıb.