Paris, 9 yanvar, AZƏRTAC
“Goretti” adlı güclü fırtına yanvarın 8-dən etibarən Fransanın şimal qərbində ciddi fəsadlara səbəb olub. Ən ağır vəziyyət Manş departamentində qeydə alınıb. Belə ki, ərazi “qırmızı” xəbərdarlıq səviyyəsinə keçirilib, sahilboyu ərazilərdə küləyin sürəti 150–160 km/saat, bəzi nöqtələrdə isə 210 km/saatdan çox olub. Dalğaların hündürlüyünün 10 metrə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik məqsədilə Manşda bütün məktəblər dünəndən bağlanıb.
Yerli hakimiyyət orqanları əhaliyə evdə qalmağı, 72 saatlıq fövqəladə vəziyyət üçün ehtiyat hazırlamağı tövsiyə edir. Ölkə üzrə təxminən 380 min ev elektrik enerjisiz qalıb. Ən çox fəsadlarla üzləşən bölgələr Bretan, Pays-de-la-Loire və Normandiyadır.
İctimai nəqliyyatın işi də ciddi şəkildə pozulub. Normandiyada qatarlarının hərəkəti bu gün saat 14:00-dək, Hauts-de-France bölgəsində isə gün boyu tam dayandırılıb. Bir çox digər regionlarda da qatar xətləri ya bağlanıb, ya da məhdud rejimdə fəaliyyət göstərir. Güclü küləklərə görə yük maşınlarının hərəkətinə qadağa qoyulub, Böyük Qərb bölgəsində isə bir neçə körpü və viaduk (çay körpüləri) bağlanıb.
“Météo-France”ın məlumatına görə, bu gün 32 departament “narıncı” külək xəbərdarlığı altındadır, Manşda isə ən yüksək – “qırmızı” səviyyə qüvvədə qalır. Hakimiyyət orqanları fırtınanın nadir intensivliyə malik olduğunu bildirərək, əhalini maksimum ehtiyatlı olmağa çağırıb.