Bakı, 9 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin tarixi, müasir durumu və gələcək perspektivləri ilə bağlı mühüm məqamlara toxunaraq, dilimizin saflığının qorunmasını milli təhlükəsizlik məsələsi kimi dəyərləndirdi və cəmiyyəti bu istiqamətdə mübariz olmağa səslədi.
Dil və milli kimlik problemi tarixboyu alimlərin, ziyalıların, şairlərin və dövlət xadimlərinin diqqət mərkəzində olub. Mürəkkəb siyasi-coğrafi şəraitdə yaşayan Azərbaycan xalqı yalnız müstəqilliyini deyil, dilini və milli-mənəvi dəyərlərini də qorumaq uğrunda çətin mübarizə aparıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Pərvin Eyvazov bildirib.
Onun sözlərinə görə, imperiya maraqları tarixən Azərbaycan dilini də təhlükə altına salıb. Buna baxmayaraq, xalqımız böyük iradə göstərərək ana dilini qoruyub gələcək nəsillərə ötürüb. Azərbaycan ziyalılarının fəaliyyəti, xüsusilə ana dili məsələsi milli-ideoloji düşüncənin formalaşmasında həlledici rol oynayıb. Bu baxımdan həm Quzey, həm də Güney Azərbaycan şairlərinin yaradıcılığında ana dili aparıcı mövzu olub.
P.Eyvazov qeyd edib ki, dil ictimai-siyasi hadisədir və müstəqil dövlətin dil siyasəti onun gələcəyini müəyyənləşdirən əsas amillərdəndir. Prezident İlham Əliyevin dilimizin taleyi ilə bağlı səsləndirdiyi fikirlər ciddi və strateji çağırış kimi qiymətləndirilməlidir.
Alim vurğulayıb ki, dünyada tam saf dil yoxdur və söz mübadiləsi tarixi prosesdir. Lakin bu gün beynəlxalq terminlər istisna olmaqla, yersiz əcnəbi sözlərin işlədilməsi milli kimliyə zərbə vurur. Xüsusilə xaricdə yaşayan azərbaycanlıların dilində əcnəbiləşmənin güclənməsi ciddi narahatlıq doğurur. Prezidentin xarici ölkələrdə Azərbaycan məktəblərinin olmaması ilə bağlı səsləndirdiyi fikirlər də mühüm məsələdir. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin beynəlxalq miqyasda təbliği istiqamətində mühüm addımlar atılıb, müxtəlif ölkələrdə dil və mədəniyyət mərkəzləri yaradılıb.
P.Eyvazov hesab edir ki, bu fəaliyyət daha sistemli və vahid mərkəzdən idarə olunan mexanizm əsasında aparılmalıdır. Türkiyənin Yunis Əmrə İnstitutunun fəaliyyəti bu baxımdan nümunə ola bilər. Belə bir institutun yaradılması ana dilimizin qorunması və beynəlxalq nüfuzunun gücləndirilməsində mühüm rol oynaya bilər.