Məlumdur ki, Bakının bir neçə ərazisində genişmiqyaslı söküntü həyata keçirilir. Şəhərin mərkəzi hissələrindəki köhnə həyət evləri və binalar sökülür, yerində ya park salınır, ya da çoxmərtəbəli binalar tikilir.
Artıq Bakının "Sovetski" adlanan ərazisində genişmiqyaslı söküntü işlərinə start verilib. Ərazidə Mərkəzi Parkın davamı olaraq yeni parkın salınacağı bildirilir.
Söküntüsü gözlənilən ərazilərdən biri də keçmiş Keşlə bazarının ətrafıdır. Məlumata görə, ərazidə ölçmə işləri aparılsa da, söküntüyə hələ start verilməyib. Onlar söküntü işlərinin başlamasını səbirsizliklə gözlədiklərini deyirlər.

Bəs söküntü niyə başlamır?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Day.Az-a açıqlamasında deyib ki, keçmiş Keşlə bazarı ərazisində yeni avtomobil yolunun çəkilişi həyata keçirilir.
"Bu məqsədlə bazar artıq sökülüb. Yol Babək prospektindən başlayaraq Nobel prospektinə çıxış yaradacaq və ərazini əsas nəqliyyat magistralları ilə birləşdirəcək. Layihənin icrası həmin zonada nəqliyyat əlçatanlığını artıracaq, ərazinin inkişafına təkan verəcək və gələcəkdə genişmiqyaslı yenidənqurma və söküntü işlərinin aparılmasını qaçılmaz edəcək."
Ekspert kompensiyanın verilmə qaydasından da danışıb. O bildirib ki, Bakı şəhərində söküntülər əsasən iki formada həyata keçirilir.
"Bakıda söküntü iki halda aparılır: ya dövlət ehtiyacları, ya da özəl sektor üçün. Birinci halda yaşayış və qeyri-yaşayış sahələri dövlət tərəfindən alınır, daşınmaz əmlak qiymətləndirilir və vətəndaşlara pul şəklində kompensasiya ödənilir. Bu cür söküntülər adətən parkların salınması, yeni yolların çəkilməsi və digər infrastruktur layihələrinin icrası məqsədi daşıyır."

Mütəxəssis bildirib ki, söküntülər özəl tikinti şirkətləri tərəfindən aparılanda fərdi yaşayış evləri və ya çoxmənzilli binalar sökülür, əvəzində isə vətəndaşlara yeni tikiləcək binalardan mənzillər kompensasiya olaraq təqdim edilir.
"Hər iki halda söküntüdən əvvəl əmlakın ümumi qiymətləndirilməsi aparılır və kompensasiya ərazinin xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir."
Elnur Fərzəliyev kompensasiya məbləğləri əraziyə uyğun olaraq müəyyən edilir.
"Məsələn, Yasamal rayonu və Sovetski adlanan ərazilərdə bu məbləğ hər kvadratmetr üçün 2700 manat təşkil edir, Bakı ətrafı bəzi ərazilərdə isə 1000-1800 manat arasında dəyişir."
Elvin Səxavətoğlu
Day.Az