Bakı, 9 yanvar, AZƏRTAC
Litva Prezidenti Gitanas Nauseda ictimai rəy sorğularında ilk dəfə olaraq lider mövqeyini itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Lietuvos rytas” nəşrinin sifarişi ilə “Vilmorus” ictimai rəy mərkəzi tərəfindən aparılan sosioloji rəy sorğusunun nəticələrində öz əksini tapıb. Gitanas Nauseda respondentlərin 38,2 faizinin müsbət, 42,6 faizinin isə mənfi rəyini qazanıb. O, populyarlıq reytinqdə müxalifətin üç parlament partiyasının liderlərindən sonra dördüncü yeri tutub.
Beləliklə, Litvada 20 ildən çox müddət ərzində dövlət başçısı ilk dəfə olaraq vətəndaşlardan mənfi rəy alıb.
“Sonuncu dəfə mənfi prezident reytinqi 2004-cü ildə, Rolandas Paksas dövlət başçısı olduğu zaman qeydə alınıb və o, sonradan impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb", - deyə “Vilmorus” mərkəzinin baş direktoru Vladas Qaydis xatırladıb.
Mindən çox insanın iştirak etdiyi sorğu “Vilmorus” mərkəzi tərəfindən 12-30 dekabr tarixləri arasında aparılıb.