Tanınmış teleaparıcı, əməkdar jurnalist Nəsimi Nəbizadənin reabilitasiya mərkəzindən qaçması və sonradan geri qaytarılması cəmiyyətdə ciddi suallar doğurdu. Onu yenidən normal həyata qaytarmaq istəyən mərkəzdən niyə qaçdı və müalicə olunmaq istəməyən şəxsi məcburi, məhkəmə qərarı olmadan geri qaytarmaq mümkündürmü?
Məsələ ilə bağlı N.Nəbizadənin müalicə aldığı “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla əlaqə saxladıq.
Bizim.Media-ya hadisə ilə bağlı danışan C.Salmanov vurğulayıb ki, N.Nəbizadə mərkəzdən deyil, restorandan qaçıb və hələ də mərkəzdə deyil:
MÖVZU İLƏ BAĞLI:
Reabilitasiya Mərkəzindən qaçan Nəsimi Nəbizadə görün harda TAPILDI
“Yanlış məlumatlar dolaşır ki, onu məcburi geri qaytarıblar. Bu mərkəzə nə gəliş, nə də gediş məcburi deyil. Sadəcə müalicə kursu 6 aydır, son ayları isə psixoloqlarla görüşlərdir ki, insan özündə səbr, iradə və dözüm formalaşdırsın. Nəsiminin cəmi 2 ayı qalmışdı, 4 ayda çox böyük irəliləyiş əldə etmişdik. Bütün günü bağlı qapılar arxasında qalmamışıq.
Dəfələrlə gəzintilərdə olmuşuq, səfərlərə çıxmışıq. Hadisə baş verən gün darıxdığını dedi və şəhərə gəzməyə çıxdıq. Sonra restoranda əyləşdik. Əlimi yumağa getdim, qayıdanda Nəsimini görmədim. Düz 4 saat onu orda gözləmişəm ki, bəlkə qayıda... Sonra xəbər gəldi ki, Sarayda evlərindədi, hətta marketdən itinə yem alıb”.
Sosial şəbəkələrdə çağırış etməsinə gəlincə, mərkəz rəhbəri dedi ki, bu, onu dilə tutmaq üçün idi:
“Özümlə keçmiş aludəçilərdən bir neçəsini apardım, onların arasında Nəsiminin çox hörmət etdiyi şəxslər də var. Dedim birlikdə dilə tutub gətirək. Bəlkə yenə sağlam düşüncəyə gətirə bildik. Burada heç bir şou xarakteri yoxdur. Bizim məqsədimiz odur ki, köhnə vərdişinə qayıtmasın, öz əməyinə heyifdir. Amma evində tapa bilmədik. Hazırda harada olduğunu da bilmirik”.
C.Salmanov onu da diqqətə çatdırdı ki, teleaparıcının məcburi dindar olunması xəbəri də yalandır. O özü namaz qılmaq istədiyini demişdi.
Həm ona, həm də digər arzulayan imanlı şəxslərə namaz qılmaq üçün şərait yaradılmışdı.
“Hətta Həcc ziyarətinə də getmək istədiyini bildirmişdi. Ona söz vermişdim ki, sağal səni ziyarətə aparacam. Nəsimiyə maşın hədiyyə olunmuşdu. Könlünə yatan bir xanımla da yaxın zamanlarda evlənəcəkdi. Yenidən narkotik istifadə etməyibsə, hələ ümid var”, - deyə mərkəz rəhbəri əlavə edib.
Şəfiqə Şəfa, Bizim.Media