AZ

İsveçdə Qocalar Evində vəfat edən Milli Qəhrəmana il yarım əvvəl Azərbaycanda “müharibə əlili” statusu verilməyibmiş...

ain.az, Bizimyol saytına istinadən bildirir.

On gün əvvəl İsveçin Malmö şəhərində Qocalar evində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev il yarım öncə ölkəyə gəlib, sənədlərini toplayaraq, “müharibə əlili” statusu almaq istəyibmiş.

Bizimyol.info xəbər verir ki, Birinci Qarabağ Müharibəsində “Qurtuluş” batalyonunda vuruşan və döyüşlərin birində ağır yaralanan, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunan Şahin Tağıyevə 2023-cü ilin yayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Qarabağ müharibəsi əlili” statusu verməkdən imtina edib. Bu barədə mərhum Milli Qəhrəmanın qohumu Lalə Əlibəyli məlumat yayıb.

Şahin Tağıyev 2001-ci ildən İsveçə mühacirət etmişdi, orada yaşayırdı. Lakin son dövrlər arabir Azərbaycana gəlib-gedirdi. Sonuncu dəfə də 2023-cü ilin yayında gəlmişdi. O, ürəyindəki arzularından birinə çatıb – Şuşaya gedib.

Bakıda olarkən yaxınlarının köməyilə dövlət orqanlarına müraciət edib. Lalə Əlibəylinin sözlərinə görə, Milli Qəhrəman olan dayısının Bakıda yaşamağa evinin olması, ona “müharibə əlili” statusunun verilməsi üçün nə sənədlər lazımdırsa, toplayıblar: “Onunla qapı-qapı gəzib bütün sənədləri yığdıq, məcburən ev növbəsinə saldıq. Dedim, Şahin dayı sənə Vətənində ev düşür axı.. Amma dedilər ki, Milli Qəhrəmana əliliyi olmadığına görə növbəsiz ev düşmür.

Üz tutduq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. Müharibədə ağır yaralanan, kontuziya keçirən, insult olan, infarkt keçirən, beyninin bir tərəfi atrofiya, bir qulağı tam eşitməyən, bir gözü görməyən insan lazım olan bütün komissiyaları keçdi. Zəng vurub dedilər ki, “sizə ancaq gözə görə əlillik verə bilərik”. Yəni, “müharibədə yaralanmamısan”.

Lalə Əlibəyli qeyd edir ki, bu cavabdan sonra Şahin Tağıyev çox sarsılıb. Üç aydan sonra yenidən infarkt keçirib.

“Azərbaycanın Milli Qəhrəmanı, “Qurtuluş” batalyonunun komandiri, polkovnik - leytenant Şahin Tağıyevə - Vətəni uğrunda səhhətindən, ailəsindən, uşaqlarından məhrum olan Qəhrəmana Vətənində qalmağa, son illərini yaşamağa, son nəfəsini almağa yer və ev tapılmadı...”, - Lalə Əlibəylinin sözləridir.

Milli Qəhrəmanla uzun illər ünsiyyətdə tanınmış vəkil Aslan İsmayılov da bildirib ki, o, evsizlik, maddi sıxıntılar üzündən ölkəni tərk edib: “Şahini təxminən 96-97-ci illərdə evsizlikdən Dənizkənarı bulvarda kafelərdən birində gecələdiyi dövrlərdən tanıyırdım. O illərdən başlayan təmasımız ömrünün son illərinə qədər davam etdi...”

Şahin Tağıyevin həddindən artıq maksimalist olduğunu vurğulayan vəkilin sözlərinə görə, o, son ana qədər Milli Qəhrəman adından da imtina edirmiş: “Onun həyatının bir məqsədi var idi: torpaqlarımızın işğaldan azad edilməsi. Onun üçün iqtidar, yaxud müxalifət yox idi...”

Şahin Tağıyevin sonralar maddi sıxıntılar üzündən ölkəni tərk etdiyini deyən Aslan İsmayılov qeyd edib ki, o, xaricdə olmasına baxmayaraq, Azərbaycanla, Qarabağla bağlı bütün tədbirlərdə iştirak edərdi.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Milli Qəhrəmanın cənazəsinin Azərbaycana gətirilməsi məsələsini nəzarətə götürüb. Yeni il ilə əlaqədar sənədləşmə və texniki məsələlər uzanıb.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
bizimyol.info

1Mənbələr