Ötən ilin yanvarında "Turan-Tovuz"a böyük ümidlərlə transfer olunan, ancaq mövsümün sonuna yaxın zədələndiyi üçün komandaya kömək edə bilməyən, avqustun sonunda yaşıl meydanlara dönən Jo Batistadan xəbər var.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, apreldə əməliyyat olunan braziliyalı forvard mövsümün ilk yarısında inamlı təsir bağışlasa da, görünür hələ də dabanındakı zədə ilə bağlı narahatlığı qalmaqdadır.
"Sambaçı" ikinci yarının hazırlıqlarına qatılsa da, düşərgəni tərk etməli olub. Onun Portuqaliyaya yollanaraq bir daha müayinə olunacağı bildirilir. Əməliyyatsonrası durumu aydınlaşdırdıqdan sonra ciddi problem olmazsa, o, yenidən düşərgəyə qoşulacaq.
Qeyd edək ki, Joarlem Batista Santos ilə 2025-ci ilin yanvarında 2,5 illik müqavilə bağlanıb. "Turan Tovuz"a Portuqaliyanın "Çaves"indən gələn 29 yaşlı futbolçu bu mövsüm 4 qol vurmağı bacarıb.