AZ

ŞOK! 10 min manata böyrəyini satmaq istədi, tutuldu: 6 min manat cərimələndi – Qanun nə deyir? 

Azərbaycanda böyrəyini satmaq istədiyinə görə cərimələnən bir şəxslə bağlı məhkəmə işi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Hadisə bir daha orqan transplantasiyası sahəsində mövcud hüquqi yanaşmaların nə dərəcədə ədalətli və məntiqli olması sualını gündəmə gətirib. Məsələ təkcə qanun pozuntusu faktı deyil, həm də sosial ədalət, insanın çarəsizliyi və hüququn bu cür hallara münasibəti kontekstində qiymətləndirilir.

Məlumata görə, maddi çətinlik içində olan və ad-soyadı şərti verilən Etibar Şahbazov böyrəyini 10 min manata satmaq üçün başqa bir şəxslə razılaşıb. Razılaşma baş tutmasa da, fakt hüquq-mühafizə orqanlarına məlum olub və nəticədə cinayət işi açılıb. Məhkəmə prosesində təqsirləndirilən şəxs böyrəyini pul qarşılığında satmaq niyyətində olduğunu gizlətməyib. Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 6 min manat məbləğində cərimələnib.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda orqan transplantasiyası mümkündür, lakin yalnız qanuni və etik çərçivədə. Cinayət Məcəlləsinin 137.1-ci maddəsi insan orqan və toxumalarının alqı-satqısını qadağan edir və bunu cinayət əməli kimi tanıyır. Praktikada isə yaxın qohumlar arasında və ya humanitar əsaslarla orqan bağışlanması cinayət sayılmır. Bu zaman xüsusi etik komissiya donorun orqanı könüllü şəkildə, heç bir maddi maraq güdmədən verdiyini araşdırır və yalnız müsbət rəy olduqda transplantasiyaya icazə verilir.

Məhz bu məqam cəmiyyətdə haqlı suallar doğurur: əgər insan böyrəyini pulsuz bağışlayanda bu qanuni və etik sayılırsa, eyni insan ağır maddi vəziyyətini düzəltmək üçün böyrəyini satmaq istəyəndə niyə cinayətkara çevrilir? Üstəlik, maddi sıxıntı içində olan şəxsin yenidən cərimə olunması nə dərəcədə məntiqlidir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Şahin Məmmədlinin fikrincə, burada hüquqi yanaşma ilə sosial reallıq arasında ciddi ziddiyyət var.

O bildirir ki, qanunvericilik orqan alqı-satqısını qadağan etməklə əsasən insan orqanlarının kommersiya predmetinə çevrilməsinin, kasıb insanların istismar olunmasının və “qara bazar”ın qarşısını almağı hədəfləyir. Lakin hüquqşünasın sözlərinə görə, bu yanaşma hər bir konkret halın sosial kontekstini nəzərə almadan tətbiq edildikdə ədalət hissini zədələyir.

“Hüquq nəzəriyyəsində məqsəd təkcə cəzalandırmaq yox, həm də sosial ədaləti təmin etməkdir. Əgər bir şəxs ağır maddi vəziyyətə düşdüyü üçün öz sağlamlığını riskə ataraq böyrəyini satmaq istəyirsə, bu artıq cinayət niyyətindən çox sosial faciədir. Belə bir insanı cərimələməklə biz problemi həll etmirik, əksinə onu daha da çıxılmaz vəziyyətə salırıq” , – deyə Şahin Məmmədli qeyd edib.

Hüquqşünas əlavə edib ki, orqan bağışlanması ilə satışı arasındakı hüquqi fərq formal baxımdan anlaşılandır, lakin məntiqi baxımdan mübahisəlidir.

Onun fikrincə, insanın öz bədəni üzərində sərəncam vermək hüququ var və bu hüquq yalnız “pulsuz” olduqda tanınıb, “pul qarşılığında” olduqda cinayət sayılması hüquqi paternalizmin klassik nümunəsidir. Dövlət bir tərəfdən deyir ki, sən böyrəyini verə bilərsən, amma digər tərəfdən bildirir ki, bunu yalnız mənim müəyyən etdiyim “əxlaqi” çərçivədə etməlisən.

Şahin Məmmədli hesab edir ki, belə hallarda cəza tədbirləri əvəzinə sosial mexanizmlər işə salınmalıdır:

“Əgər insan böyrəyini satmaq həddinə çatıbsa, deməli, sosial müdafiə sistemi onu qoruya bilməyib. Bu halda cərimə çıxış yolu deyil. Əksinə, həmin şəxsin sosial vəziyyəti araşdırılmalı, ona yardım mexanizmləri təklif olunmalıdır.”

Bu hadisə bir daha göstərir ki, orqan transplantasiyası ilə bağlı qanunvericilik yalnız tibbi və etik aspektlərdən deyil, həm də sosial ədalət prizmasından yenidən nəzərdən keçirilməlidir. Əks halda, çarəsizlikdən çıxış yolu axtaran insanlar bir tərəfdən yoxsulluğun, digər tərəfdən isə qanunun cəzası altında qalmağa davam edəcəklər.

Seçilən
68
1
nocomment.az

2Mənbələr