AZ

Tehran: “Rəşt-Astara dəmir yolu məsələsi martın sonuna bitəcək”

AzVision.az xəbər verir ki, İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiyanın “TASS” agentliyinə müsahibəsində belə deyib.

“Layihə üçün torpaq sahələrinin alınması istiqamətində işlər xeyli irəliləyiş əldə olunub və artıq tikinti üçün 100 km-dən çox yol ayrılıb. Torpaqların alınma prosesi hər gün irəliləyir və İran ilinin sonuna, yəni martın üçüncü ongünlüyünə başa çatacaq”, - iranlı diplomat bildirib.

Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun çatışmayan halqası olan Rəşt və İranın Astara şəhəri arasında dəmir yolunun tikintisi“Rusiya ilə ikitərəfli münasibətlərdə ən mühüm layihələrdən biridir və bu layihə hər iki ölkənin hakimiyyət orqanları tərəfindən ən yüksək səviyyədə fəal şəkildə təşviq edilir”.

- Xoşbəxtlikdən keçən il biz bu layihənin reallaşmasında yaxşı irəliləyiş gördük. Mühəndislik tədqiqatına əlavə razılaşma imzalanıb”, - Cəlali vurğulayıb.

Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran “Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun Fars körfəzi limanlarına qoşulma yolu ilə təmin edilməsini nəzərdə tutan 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıb.

Layihənin ümumi dəyəri 1,6 milyard avro həcmində qiymətləndirilir. Müqaviləyə əsasən, Moskva və Tehran zəruri məhsul və xidmətlərin layihələndirilməsi, tikintisi və tədarükünü birgə maliyyələşdirəcək.

Sankt-Peterburqu Hindistanın Mumbay limanı ilə birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) 7,2 min kilometrlik multimodal marşrutdur. Rusiya və İran vasitəsilə Baltikyanı region ilə Hindistan arasında nəqliyyat əlaqəsini təmin edəcək bu dəhlizin yük ötürmə gücünün ildə 20-30 milyon ton olacağı planlaşdırılır.

Şimal-Cənub BND Süveyş kanalı vasitəsilə Avropa, Fars körfəzi ölkələri və Hind okeanını birləşdirən dəniz marşrutuna alternativdir.

Dəhliz çərçivəsində üç marşrut qeydə alınır:dəmir yolları və limanlardan istifadə edən Transxəzər marşrutu, habelə quru yollardan ibarət qərb və şərq marşrutları.Qərb marşrutu Rusiya və İranı birbaşa birləşdirən Azərbaycandan keçir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
52
2
azvision.az

3Mənbələr