Bu gün səhər 07:20 radələrində Maştağa-Gənclik istiqamətində hərəkət edən M8 nömrəli avtobus yenə xarab olub. Sərnişinlərin bir qismi sonra gələn M8-ə minib.
Redaktor.az-a məlumat verən sərnişin vurğuladı ki, bu hal elə iki gün öncə də baş verib.
Yenidən eyni sual aktuallaşır: Bu avtobuslara texniki baxış vaxtı-vaxtında keçirilirmi?
Sualımızı "BakuBus" MMC-ə ünvanladıq. Sualımıza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan M8 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 11–12 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 16 avtobus hərəkət edir:
"Bu gün səhər saatlarında xətt üzrə hərəkətdə olan avtobuslardan birində texniki nasazlıq qeydə alınıb. Sürücü tərəfindən nasazlıqla bağlı dərhal "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə məlumat verilib, sərnişinlər isə operativ şəkildə eyni marşrut üzrə hərəkət edən digər M8 nömrəli avtobusa yönləndirilib.Yaranmış texniki nasazlıqla əlaqədar avtobuslara texniki xidmət göstərən şirkət rəsmi qaydada məlumatlandırılıb və nasazlığın qısa müddət ərzində aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə tapşırıq verilib. Baş vermiş nasazlıq səbəbindən yaranmış müvəqqəti narahatlığa görə bütün sərnişinlərdən üzr istəyirik", - deyə qurumun cavabında bildirilir.
Aytəkin TOFİQQIZI