Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Dünyada mürəkkəb və gərgin geosiyasi proseslərin dərinləşdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə həm ötən ilin yekunlarına aydınlıq gətirməsi, həm də qarşıdakı dövr üçün strateji istiqamətləri müəyyənləşdirməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilir. Bu müsahibə dövlətin daxili və xarici siyasətində əldə olunmuş nailiyyətlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması ilə yanaşı, formalaşmış yeni reallıqların mahiyyətini ortaya qoyur.
2025-ci il müstəqillik tariximizdə xüsusi yer tutan, taleyüklü hadisələrlə yadda qalan bir il olmuşdur. Məhz bu dövrdə Ermənistan–Azərbaycan, Qarabağ probleminə siyasi müstəvidə son qoyulmuş, Azərbaycan döyüş meydanında qazandığı parlaq Qələbəni beynəlxalq siyasi platformada hüquqi və diplomatik müstəviyə daşımağa nail olmuşdur. Bu proses yalnız hərbi-siyasi uğur deyil, eyni zamanda regional sabitliyin və uzunmüddətli sülhün əsasını qoyan tarixi dönüş nöqtəsidir. Uzun illər müharibə və qarşıdurma şəraitində yaşamış xalqımız üçün sülh mühitinə keçid yeni mərhələnin başlanğıcı deməkdir.
Dövlətimizin başçısının sözügedən müsahibəsində toxunulan məsələlərdən biri Azərbaycan–ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır. Strateji işçi qrupunun yaradılması və tərəfdaşlıq xartiyasının hazırlanması iki dövlət arasında münasibətlərin institusional əsaslar üzərində qurulduğunu göstərir. Qarşılıqlı etimada və praktik nəticələrə söykənən bu əməkdaşlıq siyasi dialoqla yanaşı, iqtisadiyyat, nəqliyyat, energetika və təhlükəsizlik sahələrini də əhatə edir. Azərbaycanın regional lider və etibarlı tərəfdaş kimi qəbul olunması bu siyasətin məntiqi nəticəsidir.
Zəngəzur dəhlizi məsələsi müsahibədə regional kommunikasiya və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan mövzulardan biri kimi təqdim olunur. Bu nəqliyyat xəttinin reallaşması təkcə ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa coğrafi əlaqənin bərpası deyil, eyni zamanda Cənubi Qafqazda yeni iqtisadi və logistika imkanlarının formalaşması deməkdir. Dəhlizin açılması region dövlətləri üçün də mühüm iqtisadi dividendlər vəd edir və sülh gündəliyinin praktiki məzmunla zənginləşdiyini göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi digər mühüm məqam Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində artan nüfuzudur. D-8 təşkilatına üzvlük ölkəmizin müstəqil siyasətinə və artan beynəlxalq etimada verilən yüksək qiymətin ifadəsidir. Müsəlman dünyasının aparıcı dövlətlərini birləşdirən bu platformada Azərbaycanın fəal iştirakçıya çevrilməsi yeni əməkdaşlıq imkanları yaradır, ölkənin qlobal miqyasda təşəbbüskar mövqeyini gücləndirir.
Müsahibədə nəqliyyat və logistika məsələlərinə də önəm verilir. Mərkəzi Asiya ilə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycan bu gün qlobal yükdaşımaların əsas marşrutlarından birinə çevrilməkdədir. Artan tranzit həcmləri, yeni infrastruktur layihələri, Xəzər üzərindən enerji və rəqəmsal bağlantıların qurulması ölkənin strateji əhəmiyyətini daha da artırır. Bu faktorlar Azərbaycanın yalnız regional deyil, qitələrarası əməkdaşlıqda da mühüm aktora çevrildiyini təsdiqləyir.
İşğaldan azad edilmiş ərazilərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə yeni mərhələnin praktiki göstəricisidir. Xankəndi, Şuşa, Laçın və Ağdamda keçirilən forumlar Azərbaycanın quruculuq potensialını, təhlükəsiz və müasir mühit formalaşdırmaq bacarığını nümayiş etdirir. Bu tədbirlər eyni zamanda Qarabağın artıq əməkdaşlıq və inkişaf məkanı kimi təqdim olunmasının bariz nümunəsidir.
Ümumilikdə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın yeni dövr üçün siyasi yol xəritəsini aydın şəkildə ortaya qoyur. Sülhə əsaslanan regional münasibətlər, çoxşaxəli xarici siyasət, iqtisadi dayanıqlıq, beynəlxalq nüfuzun artması və azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesi ölkənin gələcək inkişafını şərtləndirən əsas amillər kimi çıxış edir. Bu müsahibə bir daha göstərir ki, Azərbaycan qarşıdakı mərhələdə də milli maraqlara söykənən, praqmatik və uzaqgörən siyasətini davam etdirərək regional və qlobal miqyasda mövqelərini möhkəmləndirəcəkdir.