Hazırda təhsil sahəsində geniş müzakirə olunan əsas mövzulardan biri şagird və abituriyentlərin mətn üzərində işləmə bacarıqlarının zəifliyidir.
Bu bacarıqların artırılması üçün hansı addımlar atılmalıdır?
Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bizdə mətn işləmə bacarıqları dedikdə problem təkcə mətnlə məhdudlaşmır:
"Şagirdlərin bir çox sahədə ciddi əskiklikləri var. Bu əskikliklərin əsas səbəblərindən biri, məncə, qəbul imtahanına hazırlıq istiqamətində formalaşmış düşüncə tərzidir. Yəni şagirdlər və valideynlər belə hesab edirlər ki, əsas məqsəd qəbul imtahanına hazırlaşmaqdır. Digər tərəfdən isə orta ümumtəhsil məktəbində müəllimlərin şagirdi qəbul prinsipi əsasında hazırlamaması məsələsi dayanır. Ümumiyyətlə, orta ümumtəhsil məktəbi şagirdi qəbul imtahanına hazırlamamalıdır. Əksinə, qəbul imtahanını keçirən qurum orta ümumtəhsil məktəbinin proqramı ilə ayaqlaşmalı, qəbul prosesini həmin proqram əsasında təşkil etməlidir. Təəssüf ki, bizdə vəziyyət tamamilə fərqlidir. Dövlət İmtahan Mərkəzinin öz meyarları, öz yanaşması və öz qəbul proqramı var və suallar da məhz bu proqram əsasında tərtib olunur. Məsələn, şagird 5-ci sinifdə fonetika mövzusunu keçir. Əgər qəbul imtahanında fonetikadan sual salınacaqsa, bu sual 5-ci sinif şagirdinin yaşına və təfəkkür səviyyəsinə uyğun hazırlanmalıdır. 11-ci sinif təfəkkürünə əsaslanan fonetika sualı tərtib etmək doğru deyil. Eyni yanaşma mətn suallarına da aiddir, mətn sualları şagirdin oxuduğu sinfə uyğun olmalıdır. Amma təəssüflər olsun ki, hazırda sualların böyük əksəriyyəti çətin səviyyədə tərtib olunur".
Ekspert əlavə etdi ki, şagirdlərin çəkdiyi əziyyətə baxanda insan həqiqətən heyifsilənir:
"Şagirdin vaxtı yoxdur, gecə-gündüz yalnız dərs oxuyur. Bir hazırlıqdan çıxıb o birinə gedir, müxtəlif test bankları, vəsaitlər alır. Bu yanaşma normal deyil. Şagird bütün ömrünü 5-6 fəndən qəbul imtahanına hazırlaşmağa sərf etməməlidir. Orta ümumtəhsil məktəblərində tədris prosesi “şagirdləri qəbul imtahanına hazırlayırıq” düşüncəsi üzərində qurulmamalıdır. Məktəbin əsas məqsədi uşağı universitetə hazırlamaq yox, ona təlim və tərbiyə verməkdir. Sualların hazırlanmasının öz metodikası var. Əgər bu metodikada çətin suallara üstünlük verilirsə, təbii ki, şagirdlərin nəticələri aşağı olacaq. Nəticələr aşağı olduqda isə keçid balları da aşağı formalaşacaq. Əgər suallar normal səviyyədə tərtib olunsa, məsələn, 6-cı sinifdə keçilən nitq hissələri mövzusu 6-cı sinif şagirdinə uyğun formada soruşulsa, vəziyyət tamamilə fərqli olar. Dövlət İmtahan Mərkəzi öz vəsaitlərini hazırlayır və sualları həmin vəsaitlərə əsasən tərtib edir. Proqram formal olaraq Elm və Təhsil Nazirliyinin proqramı ilə eynidir, lakin vəsaitə uyğun sual tərtib edilməsi düzgün yanaşma deyil".

Mütəxəssisin fikrincə, qəbul imtahanının sualları orta ümumtəhsil məktəbinin real səviyyəsinə uyğunlaşdırılmalıdır:
"Məhz buna görə də bizdə anormal nəticələr ortaya çıxır. Bu nəticələrin əsas səbəbi çətin tipli suallardır. Əks halda cəmiyyətdə “təhsilimiz nə gündədir” kimi bir aura formalaşmazdı. Bəli, təhsil sistemində, məktəblərdə və proqramlarda əskikliklər var, bunu hamımız qəbul edirik. Amma şagirdlərin mətn işləmə bacarıqlarının zəifliyinin əsas səbəbi “məktəbdə bunu keçmirlər” fikri deyil. Məktəbdə tədris proqramına uyğun dərs keçirilir və müəllim proqramdan kənara çıxmamalıdır. Problem ondadır ki, qəbul imtahanı ilə məktəbdəki tədris prosesi arasında ciddi bir uçurum yaranıb. Mövzular eyni olsa da, Dövlət İmtahan Mərkəzi 5-ci və 6-cı sinif mövzularını 11-ci sinif səviyyəsində, yəni xeyli çətinləşdirilmiş formada təqdim edir.
Bu isə şagirdləri məcburən repetitorlara və hazırlıq kurslarına yönəldir. Şagird düşünür ki, bu səviyyədə suallarla universitetə qəbul olmaq çətindir və əlavə dəstək almağa məcburdur. Nəticədə şagird 11-ci sinifdə 5–6 fəndən hazırlığa gedir. Bu, çox acınacaqlı vəziyyətdir. Şagird 6 fənnin bütün proqramını mənimsəməlidir. Eyni zamanda görürük ki, pedaqoji ixtisası bitirmiş, 4 il universitet oxumuş bir şəxs MİQ imtahanında bir fənn üzrə nəticə əldə edə bilmir və yenidən hazırlığa ehtiyac duyur və ya illərlə dərs deyən müəllim sertifikasiya imtahanında kəsilir. Amma biz 10–11-ci sinif şagirdindən 5–6 fənn üzrə yüksək səviyyədə bilik tələb edirik. Bu, həqiqətən də anormal yanaşmadır".
Ramin Nurəliyev qeyd etdi ki, Amerika ilə müqayisə aparsaq, orada vəziyyət tam fərqlidir:
"Amerikada çalışan müəllim tanışlarım bildirir ki, bizim buraxılış sinif şagirdləri bilik baxımından Amerikanın buraxılış sinif şagirdlərindən geri qalmır, hətta bəzi hallarda onlardan üstündür. Hətta bizim uşaqlar onlara dərs deyər. Çünki bizdə maksimal səviyyədə tələb var və buna uyğun da maksimal səviyyədə öyrədilir. Amerikada isə suallar daha əyləncəli, məntiqi və şagirdin düşüncə tərzinə uyğun tərtib olunur. Suallar şagirdin oxuduğu sinfə uyğun olur, bütün proqramı əhatə etmir və süni şəkildə çətinləşdirilmir. Halbuki biz 11-ci sinif şagirdindən 6 ilin proqramını çətin suallarla tələb edirik. Nəticə olaraq, şagirdlərə həqiqətən yazığım gəlir. Bu qədər zəhmət, bu qədər gərginlik normal deyil. Fənlərin sayı azaldılmalı, sualların səviyyəsi yüngülləşdirilməlidir. Bir ixtisasa 170 balla qəbul olunmasını göstərmək əvəzinə, sualları sadələşdirib keçid ballarını yüksəltmək daha doğru olmazmı? Mənim yanaşmam bu istiqamətdədir", - deyə o yekunlaşdırdı.
Xədicə BAXIŞLI