Ankara, 9 yanvar, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması, Zəngəzur dəhlizi və “İnkişaf Yolu” layihələrinin həyata keçirilməsi Türkiyənin dəmir yolu şəbəkələrinin logistika inteqrasiyasını gücləndirəcək prioritet sahələrdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə dövlətə məxsus “TCDD Taşımacılık” (Türkiyə Dəmir Yollarının (TCDD) bir bölməsi - redaktorun qeydi) baş direktoru Ufuk Yalçın bildirib.
Onun sözlərinə görə, Çin ilə Türkiyə arasında qatarların sayı orta müddətdə ildə 200-ə, sonrakı perspektivdə isə 1500-ə çatacaq.
“Türkiyənin dəmir yollarında yük daşımalarının həcminin ilin sonuna qədər hazırkı 25 milyon tondan 25,5 milyon tona qədər artacağı proqnozlaşdırılır ki, bunun 22,1 milyon tonu daxili yük, 3,4 milyon tonu isə beynəlxalq yükdaşımaları olacaq”, -deyə Yalçın bildirib.
Baş direktor əlavə edib ki, TCDD, həmçinin 2026-cı ildə sərnişin daşımalarında 7 faiz artım olacağını proqnozlaşdırır. O xatırladıb ki, 2025-ci ildə şəhərdaxili şəbəkələr də daxil olmaqla, Türkiyə dəmir yolu nəqliyyatında sərnişinlərin sayı 283 milyon nəfər olub.
U. Yalçın beynəlxalq dəmir yolu nəqliyyatı kontekstində Bosfor boğazının altından “Marmaray” xətti ilə qadağan olunmuş malların daşınmasına imkan verən dəmir yolu bərələrindən istifadənin vacibliyinə toxunub. O qeyd edib: “2025-ci ilin may ayında açılan Bandırma-Tekirdağ dəmir yolu bərə xətti partlayıcı maddələrin və hərbi yüklərin Asiyadan Avropaya və geri daşınmasına imkan verəcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara