“Avropa Beynəlxalq Hospital”dan şikayət var.
“Xəbərsiz”in qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, bir neçə gün öncə hospitalın Salyan rayon filialına üz tutan Vətən müharibəsi qazisi və onun azyaşlı övladına qarşı qanun pozuntusuna yol verilib.
Şikayətçinin sözlərinə görə, o, hospitala müraciət edənlər üçün nəzərdə tutulmuş “Əlilliyi olan şəxslər üçün 30 faiz endirim” kampaniyasından yararlanmağa çalışıb. Lakin filial müdiri qazinin bu istəyini nəzərə almayaraq, ona və övladına qarşı kobudluq edib.
İddiaya əsasən, qazinin 3-cü dərəcəli əlilliyi olan övladının laborator analizləri üçün endirim tətbiq olunmayıb. Bu isə qazi və xəstəxana əməkdaşları arasında gərginliyə səbəb olub.
Şikayətçi iddia edir ki, filial müdiri “Mənə qazi gəlib yalvarmasın, buranın ağası mənəm. Mən bilərəm kimə, nə qədər endirim edərəm. 10 faiz endirim edin, əl çəksinlər” deyə açıqlama verərək, qazi və onun övladının xəstəxanadan uzaqlaşdırılmasını əmr edib.
Mövzu ilə “Avropa Beynəlxalq Hospital”la əlaqə saxlamağa çalışsaq da, mesajlarımız və zənglərimiz cavabsız qaldı. Biz qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.