Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın anım günüdür.
Azərbaycanın ilk şəhid qadın jurnalisti, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova 1991-ci il yanvarın 9-da erməni terrorçularının pusqusuna düşərək şəhid olub. O, Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib və 6 noyabr 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Milli Qəhrəmanın oğlu Ceyhun Əsgərov “Yeni Sabah”a açıqlamasında o günü belə xatırlayıb:
“Mənim üçün çox ağır gündür. Şəhidlər xiyabanına gedib anama baş çəkəcəyik. O zaman 6 yaşım var idi. Salatın xanım yanvarın 9-da Bakıya qayıtmalı, bir gün əvvəl isə Şuşaya getməliydi. Amma Laçından Şuşaya gedəcək nəqliyyat tapılmadığı üçün bir gün gecikdi və yolda pusquya düşdü. Biz onun gəlməsini gözləyirdik, amma yanvarın 9-u ölüm xəbəri gəldi”.
C.Əsgərov əlavə edib:
“Məndən xəbəri gizlətməyə çalışsalar da, uşaq olsam da, nəsə baş verdiyini hiss edirdim. Evimizə insanlar axışırdı, məni qohumlarımızın yanına göndərdilər, amma artıq başa düşürdüm. Hadisənin tam mahiyyətini anlaya bilmirdim, amma ağırlığını hiss edirdim.”
Aytac Əliyeva
Telegram kanalımız