AZ

Həmidə Rüstəmova: Yubiley ilində tamaşalarımız çox olacaq

Bakı, 9 yanvar, Fidan Əlizadə, AZƏRTAC

Azərbaycan Dövlət Kukla Teatrı 2026-cı ilə də böyük yaradıcılıq planları ilə başlayıb. Bu da təsadüfi deyil. Çünki bu il teatrımızın yaradılmasının 95 illiyi qeyd olunacaq. Bu mənada rəngarəng tədbir və tamaşa planımız var. Yubiley ilində tamaşalarımız da çox olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Həmidə Rüstəmova söyləyib.

Cari il ərzində nümayiş olunacaq tamaşalar barədə məlumat verən mətbuat katibi deyib: “İl ərzində Solmaz Amanovanın “Turac və sehrli daraq” (rejissor Səidə Haqverdiyeva), Dmitriy Boqoslovskinin “Səyyah” (rejissor Anar Məmmədov), Abdulla Şaiqin “Danışan gəlincik” (rejissor Müşfiq Əliyev), Şarl Perronun “Yatmış gözəl” (rejissor Anar Məmmədov) və bundan başqa dəvətli rejissorların quruluşunda daha 3 tamaşa hazırlanacaq”.

O vurğulayıb ki, ötən il Azərbaycan Dövlət Kukla Teatrı üçün məhsuldar, yaddaqalan, repertuar və festival proqramına görə çox zəngin il olub. “Teatrda plan və plandankənar olmaqla 9 tamaşa hazırlandı. Sənət ocağı tamaşa və gəlir planını yenə artıqlaması ilə icra edib. Bu mənada sənət ocağı il ərzində 4 beynəlxalq nüfuzlu teatr festivalında uğurla iştirak edib. Teatrımızın ölkədaxili qastrol proqramı da yaddaqalan oldu. Biz müxtəlif bölgələrə, xüsusən də böyük köçün qayıtdığı Ağdama da ilk səfər edən sənət ocağı olduq. İşğaldan azad olunan və yaşayışın bərpa olunduğu bütün torpaqlarımıza ilk səfəri sənət ocaqları arasında ilk dəfə kuklaçılar edib”,- deyə H.Rüstəmova əlavə edib.

 

Seçilən
118
azertag.az

1Mənbələr