AZ

Bərpaolunan enerji mənbələri Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişaf modelinin prioritetlərindəndir RƏY

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 8-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin investisiyası ilə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı yeni bir mərhələnin başlanğıcıdır. Bu, Azərbaycanın hadisələri və zamanı qabaqlayan siyasətinin növbəti təzahürüdür. İndiyədək ölkəmizdə icra olunan bir çox layihə uzaqgörən yanaşma əsasında həyata keçirilib və məhz zəruri olan dövrdə real töhfələr verməyə başlayıb. Bəzi hallarda beynəlxalq tərəfdaşlar tərəfindən vaxtilə səmərəsiz hesab edilən layihələr bu gün onlar üçün əsas ümid və əməkdaşlıq mənbəyinə çevrilib. Bunun bariz nümunəsi Cənub Qaz Dəhlizidir. Hazırda bu layihə beynəlxalq miqyasda böyük maraq doğurur və enerji sahəsində əməkdaşlıq üçün arzu olunan platforma kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, bu gün Azərbaycanın xarici sərmayədarları cəlb etməklə yaratdığı Günəş və külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinə təkcə ölkə daxilində deyil, Avropada da ciddi ehtiyac yaranır. Bu baxımdan demək olar ki, dövlətimizin başçısının uzaqgörən siyasəti Azərbaycanı həm inkişaf edən, həm də bir çox sahələrdə öncül mövqedə olan və zamanı qabaqlayan ölkəyə çevirib.

“Azərbaycanın bərpaolunan enerji gündəliyi kifayət qədər genişdir və bu sahədə potensial son dərəcə böyükdür. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsindədir. 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası və 240 meqavat gücə malik “Xızı–Abşeron” Külək Elektrik Stansiyası ilə başlanan bu proses Biləsuvar, Neftçala və Naxçıvan Günəş Elektrik Stansiyalarının, eləcə də işğaldan azad olunmuş ərazilərdə inşası davam etdirilən və ümumi gücü 340 MVt olan üç stansiyanın istismara verilməsi ilə davam edəcək”, - deyə A.Badamov vurğulayıb.

Deputat bildirib ki, bərpaolunan enerji sektoru, eyni zamanda, beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Podratçı qismində iştirak edən “Power China” şirkəti bu sahənin inkişafında fəal rol oynayır. Bununla yanaşı, yerli şirkətlər də bərpaolunan enerji sektorunun formalaşdırılmasında yaxından iştirak etmək niyyətindədirlər.

Azərbaycan energetiklərinin peşəkarlığının artması bərpaolunan enerjinin vahid elektrik sisteminə inteqrasiyasının uğurla həyata keçirilməsində, eləcə də enerji saxlanc batareyaları infrastrukturunun yaradılmasında özünü açıq şəkildə göstərir. Bu baxımdan “Azərenerji” tərəfindən yaradılması planlaşdırılan 240 MVt gücündə Batareya Saxlanc Mərkəzi bərpaolunan enerjinin saxlanması və dayanıqlı enerji təminatında mühüm rol oynayacaq. Bərpaolunan enerji sektorunun inkişafı ölkəyə böyük həcmdə təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını azaltmağa imkan verəcək. Təmiz ekoloji mühitin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu məqsədə çatmaqda bərpaolunan enerji sektorunun rolu həlledicidir. Eyni zamanda, strateji hədəflər sırasında yer alan süni intellekt və data mərkəzlərinin yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində bərpaolunan enerji sektorunun xüsusi əhəmiyyəti var.

“Bərpaolunan enerji potensialının artması Azərbaycanın ixrac imkanlarını da genişləndirəcək. Bu gün əsasən neft, neft məhsulları və təbii qaz ixrac edən ölkə, yaxın gələcəkdə bərpaolunan enerjini də Avropa bazarlarına çıxara biləcək. Bu isə iqtisadi müstəqilliyin möhkəmlənməsinə və siyasi mövqelərin güclənməsinə mühüm töhfə verəcək. Sonda qeyd etmək lazımdır ki, bərpaolunan enerji mənbələrinin inkişafı təkcə enerji təhlükəsizliyinin təmin edilməsi deyil, eyni zamanda, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişaf modelinin əsas prioritetlərindən biridir”, - deyə Milli Məclisin deputatı əlavə edib.

 

 

Seçilən
78
azertag.az

1Mənbələr