AZ

“Falçılıq, kahinlik, arraflıq kimi adlar dəyişdirilərək “ekstrasens”, “cadu açan” kimi təqdim olunsa da, hamısı uydurmadır”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir vətəndaş tərəfindən bir qrup insanın falçının qapısı önündə növbə gözlədiyi əks olunan foto çəkilərək sosial şəbəkədə paylaşılıb. Həm düşündürücü, həm də acı bir reallıq olan bu mənzərə cəmiyyətdə bəzi insanların hələ də xurafat yönlü inanclara üz tutduğunu göstərir.Falçılara inanmaq və onlara üz tutmaq insanların qismətə olan baxışını necə dəyişir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib ki, əvvəla, əgər falçılar doğrudan da nəyisə bilsəydilər, özləri bu vəziyyətdə olmazdılar: “Bəli, həmin şəkli mən də gördüm və bu, həqiqətən biabırçılıqdır. İnsanların falçılara ümid yeri kimi müraciət etməsi cəhalətin açıq-aşkar nümunəsidir. Əvvəla, əgər falçılar doğrudan da nəyisə bilsəydilər, özləri bu vəziyyətdə olmazdılar və belə fəaliyyətə ehtiyac duymazdılar. İkincisi isə, insanların talelərini, alın yazılarını dəyişmək ümidi ilə onlara üz tutması əsassızdır.

İslam dinində falçılıq, kahinlik, arraflıq və bu kimi fəaliyyətlər haram sayılır. Müasir dövrdə bu adlar dəyişərək “ekstrasens”, “cadugər”, “cadu açan” və sair kimi təqdim olunsa da, bunların heç bir elmi və dini əsası yoxdur. Bunların hamısı sadəcə uydurmadır”.

Elşad Miri

Elşad Miri qeyd edib ki, tərcümədən sanki nəticə çıxır ki, düyünlərə kişilər üfürsə olar: “Hətta Qurani-Kərimin bəzi tərcümələrində “düyünlərə üfürən qadınların şərindən” ifadəsi yer alır ki, bu da yanlış anlaşılmalara səbəb olur. Belə bir tərcümədən sanki nəticə çıxır ki, düyünlərə kişilər üfürsə olar - bu isə kökündən səhv yanaşmadır. Bu cür ifadələr yanlışların nəticəsində formalaşan bir yanaşmadır.

Bu kimi batil inanclar, cadular insanların mənəvi qidasızlığından, dini biliklərin azlığından qaynaqlanan bir formatdır. Belə davranışlar sonda insanı Allaha şərik qoşmağa qədər aparan təhlükəli bir yola sürükləyə bilər”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
bizimyol.info

1Mənbələr