AZ

Cevdet Yılmaz: Türkiyə siyasətini dünyadakı yeni reallıqlar əsasında formalaşdırır

Ankara, 9 yanvar, AZƏRTAC

Türkiyə beynəlxalq aləmdəki yeni şərtlər və risklər nəzərə alınmaqla siyasətini və büdcəsini formalaşdırır.

AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz verib.

Siyasətçi beynəlxalq hüququn zəifləməsinə, dəyişən qlobal iqtisadi tarazlığa və texnologiya şirkətlərinin güclənməsinə diqqət çəkib. O, həmçinin tarif müharibələrinin və proteksionizmin təsirinə də toxunub ki, bu da Ankaranın xüsusilə ehtiyatlı bir yol tutmasını tələb edir.

Türkiyənin hərbi-sənaye kompleksinin aktiv inkişafını prioritet kimi qeyd edən Yılmaz, həmçinin bunun ölkə rəhbərliyinin siyasi iradəsinin nəticəsi olduğunu qeyd edib.

O, müdafiə sənayesinin təhlükəsizlik və müstəqil xarici siyasət üçün əhəmiyyətini vurğulayıb, habelə Türkiyənin həmişə diplomatiya və sülhü müdafiə etdiyini qeyd edib. “İndiyə qədər etdiyimiz kimi, bütün tərəflərlə dialoqa davam edəcəyik”, - deyən vitse-prezident Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı Ankaranın mövqeyini nümunə kimi göstərərək əmin edib.

İqtisadiyyat mövzusuna qayıdan C.Yılmaz bildirib ki, Türkiyə hökuməti 2026-cı ilə qədər ÜDM-i 1,7 trilyon dollara (hazırda 1,5 trilyon dollar – red.), adambaşına düşən gəliri isə 19 min dollara (hazırda 17 min dollar – red.) çatdırmağı planlaşdırır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
94
azertag.az

1Mənbələr