AZ

“İnsanların zümrə zümrə bir falçının ağzından çıxan sözlərə inanaraq növbəyə durması acınacaqlı mənzərədir”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

21-ci əsrin "bəla"sı... Falçılara inanan insanların onun qapısında növbə gözləməsi ən azı acizlikdir, cahillikdir. Günümüzdə bu acı mənzərəni təəssüf ki, hələ də görürük.İnsanların falçılara inanması və onlardan ümid gözləməsi din baxımından necə qiymətləndirilir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, hər bir insan üçün “qədər” deyilən bir tale yazısı mövcuddur.

İlahiyyatçı Ağa Hacıbəyli

“Həqiqətən, bu sancılı dövrdə - 21-ci əsrdə bu atom əsrində, elm və texnologiyanın bu qədər inkişaf etdiyi bir zamanda hələ də insanların zümrə-zümrə bir falçının ağzından çıxan sözlərə inanaraq növbəyə durması acınacaqlı mənzərədir. Halbuki dinimiz - İslam - kainatdan daha mükəmməl bir mədəniyyətə sahibdir. Bu din insanın ağlını, düşüncəsini geniş üfüqlərə yönəldir, onu böyük və mənalı dünyagörüşünə təşviq edir.

Peyğəmbərimiz Məhəmməd (s.ə.s) də falçılığı kəskin şəkildə pisləmiş, onu qınamışdır. Hətta falçının qapısını döyən, ondan məsləhət alan insanlara çox ciddi xəbərdarlıq etmiş və bu cür yanaşmanın vəhyin inkarı qədər ağır olduğunu bildirmişdir. Hədisdə qeyd olunur: "Kim falçıya gedər və onun dediklərinə inanarsa, o, göydən enən vəhyi inkar etmiş olar."

Qurani-Kərimin Nəml surəsinin 65-ci ayəsində isə Uca Allah buyurur: "Göylərdə və yerdə qeybi Allahdan başqa heç kim bilə bilməz."

Qeybi bildiyini iddia edənlər sadəcə yalançıdır. Falçılar insanları ümidlə aldatmaqla məşğuldurlar. Onlar insanların taleyi və gələcəyi ilə oynayırlar. Ona görə də dinimiz bildirir ki, yerin, göyün və bütün kainatın yaradıcısı olan bir qüvvə - Allah vardır. Hər bir insan üçün “qədər” deyilən bir tale yazısı mövcuddur. Lakin bu tale Allah tərəfindən gizli saxlanılır. Nə falçılar, nə sehrbazlar, nə də başqa bir varlıq bu qeyb dəftərinin içindəkilərdən xəbər tuta bilməz.

Uca Allah insana ağıl, iradə, güc və seçim azadlığı verib. Eyni zamanda insanlıq üçün isə yol göstərici olaraq müqəddəs kitab göndərmiş, peyğəmbər vasitəsilə doğru və yanlış yolları ayırd etmişdir. Yəni Allah buyurur: “Budur həyat yolu, seç və get”. Ona görə də bir falçının qapısını döymək, ona müraciət etmək dinimizlə caiz deyil , bir günahdır, həm də mənəvi məsuliyyətdir”-deyə ilahiyyatçı Ağa Hacıbəyli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
bizimyol.info

1Mənbələr