AZ

Anarın açıqlaması müzakirələrə səbəb oldu Tanınmışlardan reaksiya gəldi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar bildirib ki, üzvlük haqqını ödəməyənlər birlikdən xaric ediləcəklər. Yazıçının sözlərinə görə, bəzi üzvlər AYB-dən yararlanmaq istəyirlər, amma ildə cəmi 15 manat ödəməyə qıymırlar.

Üzvlük haqqını ödəməyən yazıçı və şairlər kimlərdir və bu qərar nə dərəcədə ədalətlidir?

Globalinfo.az-a danışan AYB üzvü, deputat Aqil Abbas qərarla bağlı iradının olmadığını bildirib.

O deyib ki, Anar orda 5 il üzvlük haqqı ödəməyənləri nəzərdə tutub:

“Mən də, həyat yoldaşım İradə Tuncay da hər il ödəniş edirik. AYB-nin üzvüyəmsə, ödəniş də etməliyəm. Partiya üzvləri haqq ödəməyəndə 1-2 ay sonra xaric edilirdilər. Üzvlük haqqı cəmi 15 manatdır, ödəmək daha yaxşıdır”.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə də ödəniş etdiyini bildirib:

“Əslində, Anar müəllim düz deyir, üzvlik haqqını verməliyik. Şəxsən mən ödəniş edirəm”.

Şair Rüstəm Behrudi isə ödəniş etmədiyini açıqlayıb:

“Mən 5 il əvvəl AYB-dən çıxmaq üçün ərizə vermişəm. Bir sözlə, üzvlükdən imtina etmişəm. 40 ildir Yazıçılar İttifaqının üzvüyəm, amma ora bir dəfə də olsun getməmişəm. Anar müəllimə böyük hörmətim var, lakin ədəbiyyatı təkbaşına yaradılan iş hesab edirəm. Bu mənada AYB mənim üçün çox da maraqlı təşkilat deyil”.

Behrudi həmçinin qeyd edib ki, SSR Yazıçılar İttifaqının ən cavan üzvlərindən biri olub:

“Birliyə çoxu hansısa maraq üçün gedir. Məsələn, ev, maşın almaq istəyir. 40 il ərzində, hətta ən çətin anlarımda belə AYB-dən elə bir şey görməmişəm. İmzamı təsdiq etmiş adamam, məni ordan çıxarsalar nə fərqi, çıxarmasalar nə fərqi? Amma 5 il öncəyə kimi heç bir ödəniş deyilməmişdi mənə. Desəydilər, əlbəttə ki, ödəyərdim. Çox böyük haqq da deyil. Bunu isə ən azından Anar bəyə hörmət olaraq edərdim. Onun yaradıcılıq zirvəsi “Otel otağı” əsəridir. Bu günün mənzərəsini 90-cı illərdə möhtəşəm qələmə alıb”.

Rüstəm Behrudi həmçinin AYB-nin dövlət tərəfindən maliyyələşdirildiyini xatırladıb və sual edib:

“Azərbaycan ziyalısı, yazıçı və şairi özünü dolandıra bilmir. Ona görə də üzvlük haqqını məcburi şəkildə ödətmək nə dərəcə doğrudur, onu bilmirəm. AYB dövlət tərəfindən maliyyələşdirilir. Bilmirəm, AYB-nin kasıb yazıçıların 2-3 manatına ehtiyacı var, ya yox”.

Şair haşiyəyə çıxaraq bəzi ziyalıların Azərbaycanı tərk etdiyini açıqlayıb:

“90-cı illərdə sərhədlər açılanda Azərbaycan ziyalıları yaşamaq üçün, ya ölkədən çıxmaq məqsədi ilə xaricə üz tutdular. Əksəriyyət Türkiyəyə getdi, orada dərs dedi və ya başqa işdə işlədi. Təsəvvür edin, türkçülüyü məsxərəyə qoyanlar, onu ayaqlar altına atanlar, türk millətini aşağılayan adamlar birdən-birə gedib Türkiyədə türkçülük məsələsində “böyük” mövqe sərgilədilər”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
globalinfo.az

1Mənbələr