İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən səsləndirilən son iddialar yenə də mollabaşların nə dərəcədə gülünc olduqlarını bir daha gözlər önünə sərib.
NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda İranda baş verən daxili qarışıqlıqlarda guya “sionist qüvvələrin və onların Azərbaycandakı əlaltılarının” rol oynadığı irəli sürülür.
Rəsmi Bakı bu iddiaları tamamilə əsassız, sübutsuz və təxribat xarakterli hesab edir. Heç bir fakt və ya müstəqil sübut təqdim edilmədən bir dövlətin və bütöv bir xalqın hədəfə alınması beynəlxalq hüquq normalarına və dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir.

Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, mövcud etiraz dalğası əvvəlki aksiyalardan sosial tərkibinə görə fərqlənir:
“Bu dəfə etirazlara təkcə aşağı gəlirli təbəqələr deyil, həm də sahibkarlar və orta sinif – xüsusilə iqtisadi baxımdan daha aktiv olan şəhər burjuaziyası qoşulub. Xüsusilə Tehranda bu təbəqənin fəallığı diqqət çəkir ki, bu da etirazların sosial bazasının genişləndiyini və daha təşkilatlanmış xarakter aldığını göstərir.
Etirazların əsasən fars əyalətlərində cəmləşməsi də mühüm analitik məqamdır. Bu kontekstdə xarici təsir faktorunu, o cümlədən İsrail kəşfiyyatının mümkün dolayı müdaxiləsini tamamilə istisna etmək çətindir. İran rəsmiləri bu iddiaları qəbul etməsə də, aksiyalar zamanı şah rejiminin simvollarının nümayiş etdirilməsi, monarxiya çağırışlarının səsləndirilməsi, eləcə də bəzi bölgələrdə polislə silahlı qarşıdurmaların baş verməsi etirazların ideoloji və taktiki baxımdan əvvəlkilərdən daha fərqli və daha dərin xarakter daşıdığını göstərir”.
Asif Şəkərlinin sözlərinə görə, İranda baş verən etirazlar daha çox sosial-iqtisadi xarakter daşıyan, lakin eyni zamanda daxili siyasi parçalanma və xarici geosiyasi təsirlərlə mürəkkəbləşən proses kimi dəyərləndirilə bilər:
“Bu proseslərin dinamikası ölkənin daxili sabitliyi və regiondakı geosiyasi balans baxımından diqqətlə izlənilməlidi. Fars molla rejimi kənar təsir bəhanəsi uydurmaqdan, Azərbaycana qarşı şər kampaniyasındansa, problemi özlərində axtarsa yaxşı olar.
İran hakimiyyəti onillərdir daxili problemlərin həllinə diqqət yetirmək əvəzinə, milyardlarla milli sərvəti terrorçu qruplara dəstəyə və nüvə silahları üzrə araşdırmalara sərf edib. Məncə, bu dalğa rejimi devirməyəcək, çünki rejim Suriyada olduğu kimi zorakılığa əl atmağa hazırdır, amma bu qəzəb və etirazlar rejimin təməllərini və ya onlardan qalanları məhv edəcək. Hakimiyyət böhrandan salamat çıxsa belə, ölkə tarixində ən zəif duruma düşəcək. Ölkədə hakim olan və xaricdəki hər kəsi təhdid edən “İnqilabçı İran” bitdi”.