AZ

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu sübut edir - ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Son illər Azərbaycanda energetika sahəsində əldə olunan uğurlar ölkənin bu strateji sektorun inkişafı üçün son dərəcə əlverişli və cəlbedici mühit formalaşdırdığını deməyə əsas verir. Enerji təhlükəsizliyinin təmin olunması, ixrac potensialının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədləri Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Məhz bu ardıcıl və düşünülmüş siyasət nəticəsində ölkəmiz enerji sektorunda regionun aparıcı dövlətlərindən birinə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, Azərbaycan energetika sahəsinə investisiyaların cəlb edilməsi və real, müasir infrastrukturun qurulması istiqamətində güclü, uzunmüddətli strategiyaya malikdir. Neft-qaz sektorunda əldə edilən zəngin təcrübə son illərdə bərpaolunan enerji mənbələrinin inkişafına da uğurla transfer olunur. Dövlət tərəfindən yaradılan hüquqi baza, investorlara verilən təminatlar, şəffaf və sabit biznes mühiti xarici investorların Azərbaycana marağını əhəmiyyətli dərəcədə artırıb. “Bu gün Azərbaycanın bir çox sahəsində, xüsusilə energetika sektorunda xarici investorların fəal iştirakını müşahidə edirik. Aparılan təhlillər göstərir ki, ölkədə icra olunan ən böyük və strateji əhəmiyyətli layihələr məhz enerji sahəsini əhatə edir. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Xarici investorlarla uğurlu əməkdaşlıq modeli ölkənin investisiya cəlbediciliyinin yüksəldiyini və enerji sahəsində əməkdaşlıq reytinqinin artdığını açıq şəkildə nümayiş etdirir.

Bu baxımdan Səudiyyə Ərəbistanının aparıcı enerji şirkətlərindən biri olan “ACWA Power” tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası xüsusi əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın bərpaolunan enerji strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkənin enerji balansında yaşıl enerjinin payını artıracaq. Külək elektrik stansiyasının istismara verilməsi nəticəsində minlərlə ton karbon qazı emissiyasının azalacağı, ətraf mühitin qorunmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə veriləcəyi gözlənilir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, eyni zamanda, Azərbaycanın bu sahədə sadiq, etibarlı və böyük potensiala malik tərəfdaş olduğunu bir daha sübut edir. Bu cür irimiqyaslı layihələrin uğurla icra edilməsi gələcəkdə yeni əməkdaşlıqların formalaşmasına və mövcud tərəfdaşlıqların uzunömürlü olmasına zəmin yaradır. Xarici şirkətlər üçün Azərbaycan təkcə enerji resursları ilə zəngin ölkə deyil, həm də sabit siyasi mühitə, güclü iqtisadiyyata və aydın inkişaf vizyonuna malik dövlətdir”, - deyə deputat vurğulayıb.

A.Allahverənov bildirib ki, energetika sahəsində həyata keçirilən yeni layihələr sırasında Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi də xüsusi diqqət çəkir. Bu layihə ölkənin su təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması içməli və texniki suya olan tələbatın ödənilməsinə, eyni zamanda, kənd təsərrüfatı və sənaye sektorlarının davamlı inkişafına töhfə verəcək. Layihə müasir texnologiyaların tətbiqi ilə həyata keçiriləcək və ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biri olacaq. Nəticə etibarilə, Azərbaycanda energetika sahəsində aparılan islahatlar, həyata keçirilən irimiqyaslı layihələr və xarici investorlarla qurulan səmərəli əməkdaşlıq ölkənin regional və qlobal enerji xəritəsində mövqeyini daha da gücləndirir. Bərpaolunan enerji mənbələrinin inkişafı, innovativ layihələrin reallaşdırılması və dayanıqlı enerji siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayaqlarından biri kimi çıxış edir. Bütün bunlar göstərir ki, Azərbaycan energetika sahəsində təkcə bu günün deyil, həm də gələcəyin çağırışlarına hazır olan güclü və etibarlı tərəfdaşdır.

Seçilən
69
azertag.az

1Mənbələr