Bakı, 9 yanvar, AZƏRTAC
Niyə də yox?! Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Birgə hərbi təlimlər niyə olmasın? Ailəmiz olan türk dövlətlərini nəzərdə tuturam.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələni yenidən gündəmə gətirdi. Məsələ burasındadır ki, bəziləri bunu hansısa hərbi təşkilatın yaradılması kimi qiymətləndirir, qorxur və müqavimət göstərməyə çalışır. Amma qətiyyən belə deyil və qorxuya da ehtiyac yoxdur. Bu, beynəlxalq hüququn unudulduğu bir dövrdə ortaq müdafiə qabiliyyətinin artırılması üçün atılan addımdır. Dünyada nizam pozulub, bütün problemlər güc hesabına həll edilir. Belə bir vaxtda bizim ailəmiz olan türk dövlətləri Azərbaycan Prezidentinin təklifini qiymətləndirməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib.
“Düzdür, hərbi-siyasi müttəfiqimiz Türkiyə və digər tütk dövlətləri ilə ikitərəfli əlaqələr nəticəsində mütəmadi olaraq birgə təlimlər keçiririk. Amma bütün türk dövlətlərinin iştirakı ilə birgə təlimlərin keçirilməsi həm hərbi, həm də siyasi baxımdan önəmlidir. Biz bununla, bütün dünyaya “ailəmizin” gücünü göstərmiş olarıq. Bəli, bu güc regionumuzla bağlı gizli və təhlükəli planlar quranları bərk qorxudacaq. Qoy onlar yenidən düşünsünlər. Bizim gücümüzdən səbəbsiz yerə qorxmağa isə ehtiyac yoxdur.
Prezident İlham Əliyevin sözləri ilə desək, “bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir”. Çünki biz, hətta ölkəmizə qarşı hərbi cinayətlər törədən Ermənistana qarşı da intiqam hissi güdmədən müharibə apardıq. Onların bütün şəhərlərini Ağdamın vəziyyətinə qoymağa gücümüz və imkanımız olduğu vaxtda müharibəni dayandırıb sülh üçün əlimizi uzatdıq. Bu, Türk dünyasının bir parçası olan Azərbaycanın və onun liderinin dünyaya mesajı idi. İndi isə bütün türk dövlətlərinin birlikdə mesaj verməsinin vaxtıdır”, - deyə şərhçi vurğulayıb.