AZ

“907-ci düzəliş”in qüvvədə qalması ədalətsizliyin göstəricisidir - ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Artıq ölkəmizdə bir ənənə formalaşıb: Prezident İlham Əliyev hər ilin ilk ayında yerli televiziya kanallarına müsahibə verir. Bu müsahibə vasitəsilə bir tərəfdən ölkəmizdə ötən il görülmüş işlərin hesabatı xalqa çatdırılır, digər tərəfdən isə yeni il üçün prioritet sahələrdə görüləcək işlər və strateji istiqamətlər təqdim olunur. Eyni zamanda, bölgədə və dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycanın qlobal çağırışlara qarşı atacağı addımların əsas istiqamətləri açıqlanır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər yalnız ölkəmizin daxili və xarici siyasətini əks etdirmir, həm də çağdaş beynəlxalq münasibətlər sisteminin bugünkü və gələcək konturlarını aydın şəkildə ortaya qoyur. Bu il yanvarın 5-də verilən müsahibədə də dövlətimizin başçısı Azərbaycanın daxili və xarici siyasətinin milli maraqlara, yaxın, orta və uzunmüddətli strateji məqsədlərə xidmət etdiyini bir daha göstərdi.

“Məlumdur ki, bugünkü dünyada beynəlxalq hüquq normaları faktiki olaraq işləmir. Bunun nümunələrini həm Vətən müharibəsi zamanı, həm də ondan əvvəlki dövrlərdə müşahidə etmişik. Prezident İlham Əliyev də müsahibəsində bildirdi ki, bu reallığı hər kəs qəbul etməlidir. Bu gün beynəlxalq münasibətlərdə əsas meyar güc balansı, əməkdaşlıq, müttəfiqlik və qarşılıqlı dəstəkdir. Dövlətimizin başçısının bu açıqlamaları Azərbaycanın xarici siyasətinin realist və praqmatik prinsiplərə əsaslandığını bir daha təsdiqləyir. Uzun illərdir beynəlxalq hüququn norma və prinsiplərinə selektiv yanaşma, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə biganə münasibət və ikili standartlar dünya siyasətinin acı reallıqlarından biridir”, - deyə Məlahət İbrahimqızı əlavə edib.

Deputat, həmçinin bildirib ki, Prezidentin müsahibəsində diqqətçəkən məqamlardan biri də Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə ABŞ tərəfindən qəbul edilmiş “907-ci düzəliş”lə bağlı açıqlamalardır. Hansı ki, yaxın günlərdə Prezident İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyəti ilə görüşdə də bu məsələni yenidən diqqətə çatdırmışdı.

“Sovet İttifaqı dağıldıqdan sonra ittifaqın keçmiş ölkələrinə ABŞ tərəfindən maliyyə və texniki yardım göstərilməsi nəzərdə tutulmuşdu, lakin işğalçı Ermənistana yardım edildiyi halda, işğala məruz qalan Azərbaycan bu dəstəkdən məhrum edilmişdi. Ölkəmizə qarşı bu haqsızlıq o qədər aydın idi ki, Azərbaycan xalqı və dövləti buna etiraz etməyə bilməzdi. “907-ci düzəliş”in əsaslandırması kimi Azərbaycanın guya Ermənistanı blokadaya alması göstərilirdi. Lakin reallıqda Ermənistanın sərhədləri digər ölkələr üçün açıq idi. Həmin dövrdə ABŞ-dakı erməni lobbisi və bir sıra ermənipərəst senatorlar Senata Azərbaycanın əleyhinə tamamilə yalan və böhtan dolu arayış vermiş, Azərbaycan “işğalçı və blokadaçı” kimi təqdim edilmişdi. Dövlətimizin başçısı da müsahibəsində bildirdi ki, ABŞ-ın Azərbaycan xalqına qarşı qərəzli və qeyri-obyektiv qərar qəbul edilməsində həmin dövrdəki iqtidarın məsuliyyətsizliyi və səriştəsizliyi də mühüm rol oynamışdır və “907-ci düzəliş” ləğv olunmalıdır. Çünki onun qüvvədə qalması ədalətsizliyin göstəricisidir”, - deyə o vurğulayıb.

Seçilən
65
azertag.az

1Mənbələr