Əməliyyat zamanı xəstəyə metal mil qoyulması halları tibbi praktikada kifayət qədər geniş yayılıb. Məsələn, sümüklərin qırılması, zədələnməsi və ya oynaq problemləri zamanı cərrahlar sümükləri sabit saxlamaq və düzgün bərpa olunmasını təmin etmək üçün metal mil və ya implantlardan istifadə edirlər. Bu cür müdaxilələr xəstənin sağlamlığının qorunması və funksionallığın bərpası baxımından zəruridir.
Belə hallarda yaranan maliyyə xərcləri və tibbi xidmətlərin ödənilməsi məsələsi isə əksər insanlar üçün maraqlı və önəmli sual yaradır: əməliyyat zamanı qoyulan metal mil sığorta tərəfindən ödənilirmi və hansı şərtlərlə?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov bildirib ki, hüquqi baxımdan vəziyyət belədir ki, tibbi sığorta müqaviləsi, xəstənin hansı tibbi xidmətlərdən yararlanacağını və hansı hallarda ödənişin təmin olunacağını konkret şəkildə müəyyən edir:
“Ölkədə məcburi və könüllü tibbi sığorta sistemi çərçivəsində əməliyyat zamanı qoyulan metal implantlar adətən sığorta müqaviləsinin tibbi xidmətlər hissəsinə daxildir. Əgər implant və əməliyyat tibbi zərurət hesab olunursa və xəstə tibbi müayinələr nəticəsində əməliyyat üçün göstəriş alıbsa, bu xərclər tibbi sığorta şirkəti tərəfindən ödənilməlidir. Lakin bəzi hallarda, xüsusilə xüsusi və ya bahalı implantlar istifadə olunursa, sığorta müqaviləsində bu implantın ödəniş limitləri və məhdudiyyətlər nəzərdə tutula bilər. Bu səbəbdən xəstə əməliyyat öncəsi sığorta müqaviləsinin şərtlərini diqqətlə yoxlamalıdır.
Digər tərəfdən, bəzi sığorta paketləri və müqavilələrdə müəyyən limitlər mövcuddur. Məsələn, sığorta yalnız standart implantların ödənişini nəzərdə tuta bilər və xüsusi və ya bahalı markalı implantlar üçün əlavə ödəniş tələb edə bilər. Bu halda xəstə və ya yaxınları əlavə maliyyəni ödəməli olur”.
Hüquqşünasın sözlərinə görə, tibbi xidmətlərin və implantların ödənişi məsələsində qanuni çərçivə aydın şəkildə göstərir ki, tibbi zərurət və göstərişlər təmin olunubsa, sığorta şirkəti məsuliyyət daşıyır, lakin müqavilə şərtləri diqqətlə nəzərdən keçirilməlidir.
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı NOCOMMENT.az-a bildirib ki, metal mil və ya implantın qoyulması müalicənin ayrılmaz hissəsidir və funksional bərpa üçün vacibdir:
“Sığorta şirkətləri isə tibbi prosedurun zəruriliyini təsdiqləyən sənədləri tələb edir, o cümlədən həkim göstərişi, əməliyyat planı və implantın tibbi göstərişini. Əgər əməliyyat təcili tibbi yardım və ya planlı prosedur çərçivəsində aparılıbsa və bütün sənədlər mövcuddursa, sığorta ödənişi mümkündür və xəstəyə əlavə maliyyə yükü düşmür”.