Müasir evlərin ayrılmaz hissəsi olan qabyuyan maşınların uzunömürlü və problemsiz işləməsi üçün müntəzəm baxım və təmizlik vacibdir.
Pravda.az bildirir ki, maşının içində yığılan qida qalıqları, ərp və yağ qalıqları cihazın performansını azalda, həmçinin pis qoxulara səbəb ola bilər.
Mütəxəssislər tövsiyə edirlər ki, qabyuyan maşının alt və üst səbətləri, su çiləyici qolları və çəngəl-qaşıq rəfləri çıxarılıb isti sabunlu su ilə təmizlənməlidir. Su çiləyici qollardakı kiçik dəlikləri nazik vasitələrlə açmaq suyun daha yaxşı dövran etməsinə kömək edir. Həmçinin filtrin təxminən iki ayda bir yoxlanması və lazım gəldikdə təmizlənməsi vacibdir.
Bundan əlavə, mütəxəssislər maşını boş halda yüksək temperatur proqramında işlədərək ərpçözücü məhsullardan istifadə etməyi məsləhət görür. Bu üsul mineral yığıntılarını aradan qaldırır və yuyucu effektin daha yaxşı olmasını təmin edir. Qabyuyan maşının daxili rezin contasını nəm bezlə silmək isə həm pis qoxunun, həm də kir yığılmasının qarşısını alır.
Mütəxəssislər vurğulayırlar ki, düzgün və müntəzəm baxım qabyuyan maşının ömrünü uzadır, enerji səmərəliliyini artırır və gündəlik istifadədə daha təmiz nəticələr əldə etməyə imkan verir.
Əminə Bayramova