AZ

Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl transformasiya strategiyasının yeni mərhələsi - ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Cari il yanvarın 8-i Azərbaycanın müasir inkişaf tarixində energetika sahəsi üzrə mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Həmin gün Prezident İlham Əliyevin iştirakı ilə 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi şəkildə açılması ölkəmizin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində atılan ardıcıl və məqsədyönlü siyasətin bariz təzahürüdür.

Bu sözləri AZƏRTAC-a açqılamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.

O qeyd edib ki, bu stansiyanın istismara verilməsi ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək, Azərbaycanın enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. “Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında stansiyanın tikintisində əməyi olan bütün tərəflərə təşəkkürünü bildirərək, xüsusilə investor “ACWA Power” şirkətinin rolunu vurğulayıb. Bu layihə “ACWA Power” şirkətinin Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsi olmaqla yanaşı, gələcək əməkdaşlıqlar üçün də möhkəm təməl yaradır. Prezident İlham Əliyev qeyd etdi ki, bu şirkətin Azərbaycanda daha geniş planları mövcuddur və dövlətimiz bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə ilk layihənin də məhz bu şirkət tərəfindən icra ediləcəyi ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Çıxışda son illər energetika sektorunda həyata keçirilən islahatların miqyası və mürəkkəbliyi də diqqətə çatdırıldı. Vurğulandı ki, yeni generasiya güclərinin istismara verilməsi həm texniki, həm maliyyə, həm də peşəkarlıq baxımından son dərəcə məsuliyyətli prosesdir. Xüsusilə bərpaolunan enerji mənbələrinin böyük həcmdə vahid enerjisistemə inteqrasiyası yüksəksəviyyəli koordinasiya və bilik tələb edir. Bu baxımdan Azərbaycan energetiklərinin fəaliyyəti xüsusi qeyd olundu”, - deyə deputat vurğulayıb.

Deputat növbəti illərdə bərpaolunan enerji layihələrinin reallaşdırılması ilə bu rəqəmin daha da artacağına və Azərbaycanın elektrik enerjisi ixracını genişləndirəcəyinə diqqət çəkib. “Prezident İlham Əliyev çıxışında ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafının vacibliyini xüsusi vurğuladı. Mingəçevirdə istismara verilən 2 min meqavatlıq ənənəvi elektrik stansiyası ilə yanaşı, Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi balanslı enerji siyasətinin əsasını təşkil edir. Bu gün Qaradağ, Xızı, Abşeron rayonlarında, eləcə də işğaldan azad edilən ərazilərdə reallaşdırılan layihələr bu strategiyanın uğurla icra olunduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji baxımından nadir coğrafi üstünlüklərə malik olduğunu da qeyd etdi. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək potensialının 157 giqavat səviyyəsində qiymətləndirilməsi ölkəmizin perspektivlərini aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısı bu potensialdan səmərəli istifadə edərək, Azərbaycanın regionun aparıcı enerji istehsalçısına çevriləcəyinə əminliyini ifadə etdi”, - deyə Ş.Seyidzadə əlavə edib.

Seçilən
73
azertag.az

1Mənbələr