Rusiya bu addımlarla nə etmək istəyir? Bu insidentin hüquqi müstəvidə qapadılması cəhdi Bakı və Moskva arasındakı strateji tərəfdaşlıq ruhuna nə dərəcədə zərər vura bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Rusiyanın AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı hadisəni ört-basdır etməyə çalışması, öz məsuliyyətindən yayınmaq və məsələni texniki müstəviyə keçirmək niyyətindən xəbər verir. Bu addım dövlət məsuliyyəti, hərbi səhv ehtimalı və beynəlxalq hüquqi öhdəliklərdən kənar qalmaq məqsədi daşıyır.
Hadisənin, sadəcə, təsadüf və hava şəraiti ilə əlaqələndirilməsi bu kontekstdə qiymətləndirilməlidir. Eyni zamanda, Rusiya bu yanaşma ilə təzminat məsələlərinin beynəlxalq hüquqi prosedurlara çıxarılmasının qarşısını almağa çalışır. Bu, açıq şəkildə müdafiə xarakterli və önləyici davranışdır.
Məsələ daha geniş təhlükəsizlik arxitekturası ilə bağlıdır. Belə ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qərarı ilə Rusiya Prezidenti Vladimir Putinin bu hadisə ilə bağlı səsləndirdiyi mövqelər arasında ziddiyyət müşahidə olunur. Bu isə ya istintaq orqanlarının Prezidentin mövqeyini yumşaltmağa çalışdığını, ya da Rusiyada müəyyən institusional uyğunsuzluğun mövcud olduğunu göstərir.
Hər iki halda bu yanaşma etimada ciddi zərər vurur. Əgər hadisə ört-basdır edilərsə, bu, ictimai rəydə narazılıq doğurmaqla yanaşı, məsələnin artıq ictimai-siyasi xarakter aldığını göstərir. QHT-lərin prosesə açıq şəkildə qoşulması da bunun bariz nümunəsidir.
Ümumilikdə isə bu məsələ öz həllini tapmalıdır. Hadisə açıq və praqmatik şəkildə etiraf olunmalı, təzminat məsələləri həll edilməlidir. Azərbaycan bu mövzuda öz mövqeyində qətidir və məsələnin tam hüquqi müstəvidə həllini istəyir. Beynəlxalq hüquq çərçivəsində atılacaq addımlar prinsipial şəkildə Azərbaycanın gündəmində saxlanılır.
Rusiya isə öz növbəsində, təyyarə qəzası ilə bağlı üzərinə düşən məsuliyyəti dərk etməli, Prezident Vladimir Putinin səsləndirdiyi mövqelərlə uyğun şəkildə bu məsələni həll etməyə çalışmalı və zəruri addımları atmalıdır".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31