AZ

Ramin Nurəliyev: Təhsildə şəffaflıq və obyektivlik artıq sistemli xarakter alıb

Bakı, 9 yanvar, AZƏRTAC

Prezidentin digər sahələrdə olduğu kimi, təhsil istiqamətində də göstərdiyi diqqət və qayğı ardıcıl və sistemlidir. Son 20 ildə Azərbaycanda təhsil sahəsində genişmiqyaslı islahatlar aparılıb, mühüm uğurlar əldə edilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə orta ümumtəhsil məktəblərinin sürətlə bərpası, yenidən qurulması, yeni məktəblərin açılması, eləcə də ali təhsil müəssisələrinin qısa müddətdə fəaliyyətə başlaması bu siyasətin real nəticələridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. Onun sözlərinə görə, təhsil sahəsində əldə olunan irəliləyişlərin əsas müəllifi Prezidentdir: “Azərbaycan təhsilinin inkişaf strategiyasına nəzər salsaq, ciddi və sistemli dəyişiklikləri görərik. Ali təhsil müəssisələrində tədris prosesi beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu gün ali təhsil əvvəlki illərlə müqayisədə tamamilə fərqli mərhələdədir. Hazırda Azərbaycanın 10-a yaxın ali təhsil müəssisəsi beynəlxalq reytinq cədvəllərində yer alır. Universitetlərin xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramları həyata keçirməsi də dövlətin təhsilə verdiyi önəmin göstəricisidir. Hökumətlərarası təqaüd proqramları çərçivəsində Azərbaycan gənclərinin xarici universitetlərdə təhsil alması və bütün xərclərin dövlət tərəfindən qarşılanması bu siyasətin mühüm tərkib hissəsidir. Xarici tələbələrin Azərbaycan universitetlərinə marağı da artmaqdadır. Artıq Azərbaycan ali təhsil sistemi təkcə regionda deyil, Avropanın və dünyanın aparıcı universitetləri tərəfindən də diqqətlə izlənilir. ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə kimi ölkələrin universitetləri ilə qurulan əməkdaşlıqlar Azərbaycan təhsilinə olan etimadın göstəricisidir. İtaliya-Azərbaycan Universiteti, Türkiyə-Azərbaycan Universiteti, eləcə də Koreyanın İNHA Universiteti ilə Bakı Mühəndisliyi Universiteti arasında həyata keçirilən ikili diplom proqramları bu əməkdaşlığın nümunələridir.

Prezidentin ali təhsil müəssisələrində apardığı kadr siyasəti qısa müddətdə öz nəticəsini verib. Təyin olunan rektorlar universitetləri inkişaf yoluna çıxarmaq üçün məqsədyönlü addımlar atırlar”.

Ekspert qeyd edib ki, təhsildə rəqəmsallaşma və şəffaflıq da mühüm nailiyyətlərdəndir: “Şagirdlərin məktəblərarası elektron köçürülməsi, müəllimlərin sertifikasiya imtahanları obyektiv və şəffaf mexanizmlərin tətbiqindən xəbər verir. Sertifikasiya nəticələrinə əsasən peşəkarlığı kifayət qədər olmayan müəllimlərin sistemdən kənarlaşdırılması gələcəkdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Son illərdə peşə təhsilinə marağın artması nəticəsində bu istiqamətdə yeni ixtisaslar açılıb. Hazırda ali təhsil müəssisələrinə ayrılan plan yerlərinin yarıdan çoxu dövlət sifarişi əsasında həyata keçirilir və tələbələrin böyük hissəsi pulsuz təhsil alır. Əvvəlki illərlə müqayisədə bu göstərici əhəmiyyətli dərəcədə artıb.

Prezident dəfələrlə vurğulayır ki, islahatlar davam etməlidir. Əldə olunan nəticələrlə kifayətlənmək olmaz. Məqsəd ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə daha geniş təmsil olunması və təhsilin keyfiyyətinin daha da yüksəldilməsidir”.

Ramin Nurəliyev ali təhsil müəssisələrində kadr hazırlığı və praktiki təcrübə sahəsində müəyyən boşluqların hələ də mövcud olduğu bildirilib. O hesab edir ki, gənclərin təcrübə proqramlarının artırılması, nəzəri biliklə praktikanın daha sıx əlaqələndirilməsi beynəlxalq standartlara uyğunluq baxımından vacibdir.

 

Seçilən
72
azertag.az

1Mənbələr