Şəki, 9 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bölgələrin siması dəyişir, müasir infrastruktur qurulur, iqtisadi fəallıq artır. Dövlət dəstəyi və genişmiqyaslı investisiya qoyuluşları rayonların iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, həm də yerli icmalar üçün dayanıqlı inkişaf mühiti formalaşdırır.
2025-ci ildə Şəki rayonunda sosial-iqtisadi layihələrin həyata keçirilməsinə 3 milyon 549 min manat özəl investisiya qoyulub. Hazırda Şəkidə investisiya layihələrinin ümumi həcmi 66 milyon 444 min manat təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, ötən il rayonda 298 yeni iş yeri açılıb. Açılan iş yerlərinin 257-si mövcud, 41-i isə yeni yaradılmış müəssisə və təşkilatların payına düşür. Rayon ərazisində fəaliyyət göstərən “Aqroinkişaf-2017”, “Monte Ferro”, “Green Factory”, “Aromaland”, “Azumi Group”, “Azəripək” Məhdud Məsuliyyətli cəmiyyətləri, Şəki şərab zavodu və digər müəssisələr əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayırlar.