O, Bolqarıstanın keçmiş müdafiə və xarici işlər naziri olmuş, BMT-nin İraqdakı nümayəndəsi vəzifəsində çalışmış, 2015-2020-ci illərdə BMT-nin Yaxın Şərq üzrə sülh elçisi təyin edilmişdir
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzza zolağında sülh prosesinə nəzarət etmək funksiyası daşıyan Sülh Şurasının baş direktoru vəzifəsinə bolqarıstanlı diplomat Nikolay Mladenovun seçildiyini açıqlayıb.
Hökumət başçısı bu xəbəri N. Mladenovla Qüdsdə görüşdükdən sonra açıqlayıb və diplomatı əsas məqsədi atəşkəsin ikinci və daha mürəkkəb mərhələsinin həyata keçirilməsinə nəzarət etmək olduğunu bildirib.
Qeyd olunur ki, bu təyinat D. Trampın İsrail və HƏMAS arasında iki ildən çox davam edən müharibəyə son qoyan oktyabr atəşkəsindən bəri yerində dayanan Yaxın Şərq sülh planı üçün böyük bir addımdır.
D. Trampın bu ayın sonunda şura üzvlərini təyin etməsi, N. Mladenovun isə onların Qəzzada nümayəndəsi olması gözlənilir.
Təyinat rəsmi olaraq açıqlanmadığı üçün anonimlik şərti ilə danışan yüksək vəzifəli ABŞ rəsmisi, N. Mladenovun Sülh Şurasına rəhbərlik etmək üçün D. Tramp administrasiyası tərəfindən seçildiyini təsdiqləyib.
ABŞ Prezidentinin planına görə, şura yeni texnokratik Fələstin hökumətinin yaradılmasına, HƏMAS-ın tərksilah edilməsinə, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə, əlavə İsrail qoşunlarının çıxarılmasına və Qəzzanın yenidən qurulmasına nəzarət etməlidir.
Xatırladaq ki, Bolqarıstanın sabiq müdafiə və xarici işlər naziri Nikolay Mladenov sonradan BMT-nin İraqdakı nümayəndəsi vəzifəsində çalışmış və 2015-ci ildən 2020-ci ilə qədər BMT-nin Yaxın Şərq üzrə sülh elçisi təyin olunmuşdu. Bu müddət ərzində o, tez-tez İsrail ilə HƏMAS arasında gərginliyi azaltmaq üçün çalışıb.
Keçən il oktyabrın 10-da başlayan atəşkəsin birinci mərhələsi hərbi əməliyyatların dayandırılmasına və HƏMAS tərəfindən saxlanılan girovların İsrail tərəfindən saxlanılan yüzlərlə fələstinli ilə dəyişdirilməsinə imkan yaratdı.
Razılaşma əsasən qüvvədə qalıb, baxmayaraq ki, qarşılıqlı ittihamlarla bəzən pozulub.
HƏMAS hələ də sonuncu girovun - 7 oktyabr 2023-cü ildə müharibəyə səbəb olan işğal zamanı öldürülən bir İsrail polisinin cəsədini qaytarmayıb.
Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs İsrailin Qəzzaya aramsız hücumları nəticəsində 400-dən çox fələstinli həlak olub.
İsrail hücumların razılaşmanın pozulmasına cavab olduğunu iddia etsə də, Fələstin rəsmiləri ölənlər arasında onlarla mülki şəxsin olduğunu bildirirlər.
Yanvarın 7-də Qahirədə görüşən Misir və Avropa İttifaqı liderləri oktyabr atəşkəsini izləmək üçün Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini tələb ediblər.
"Vəziyyət son dərəcə ağırdır. HƏMAS tərksilah olmaqdan imtina edir və sülh planının növbəti mərhələsinə doğru irəliləyişi əngəlləyir . İsrail isə beynəlxalq QHT-lərin fəaliyyətini məhdudlaşdırmaqla humanitar yardıma çıxışı ciddi şəkildə təhlükə altına alır", - deyə Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Kaya Kallas bildirib.
O vurğulayıb ki, Qəzzada humanitar vəziyyətin hazırkı səviyyəyə qədər pisləşməsi üçün heç bir səbəb yoxdur.
Bu arada, BMT-nin Qaçqınlar Agentliyinin rəhbəri xəbərdarlıq edib ki, İsrailin təşkilata təzyiqi xidmətlərdə "böyük boşluq" yaratmaq riski daşıyır.
BMT-nin Fələstin Qaçqınları üzrə Yardım və İşlər Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Ankarada jurnalistlərə bildirib ki, başqa heç bir təşkilatın bu ərazilərdə səhiyyə, təhsil və sosial xidmətlər göstərmək qabiliyyəti və ya "icma etibarı" yoxdur.
Qəzzaya humanitar yardımın çatdırılmasının yaxşılaşdırılması ilə bağlı rəsmilərlə danışıqlar aparmaq üçün Türkiyəyə yollanan F. Lazzarini deyib: "Əgər agentlik Qəzzada və ya Qərb sahilindəki fəaliyyətini dayam edə bilməsə və ya buna məcbur edilsə, bu, böyük bir boşluq yaradacaq".
Rizvan CƏFƏROV,
"Azərbaycan"